GündəmAnalitikaSiyasət

Azərbaycanın bu dəyərlərə söykənən siyasəti sayəsində qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdiyini göstərir

4 fevral 2026-cı il tarixində Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi müasir beynəlxalq münasibətlər sistemində humanizm, qarşılıqlı hörmət və multikultural dəyərlərin siyasi əhəmiyyətini bir daha ön plana çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər mükafata layiq görülməsi yalnız fərdi liderlik keyfiyyətlərinin deyil, eyni zamanda Azərbaycanın həyata keçirdiyi siyasi kursun beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Prezident İlham Əliyev çıxışında Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyana xüsusi ehtiramını ifadə edərək onun uzaqgörən siyasi baxışlarının BƏƏ-ni qısa müddət ərzində dünyanın ən firavan və uğurlu dövlətlərindən birinə çevirdiyini vurğuladı.

Şeyx Zayedin rəhbərliyində formalaşan idarəçilik modeli yalnız iqtisadi inkişafla məhdudlaşmır, eyni zamanda cəmiyyət daxilində tolerantlıq, müxtəlif mədəniyyətlərin dinc yanaşı yaşaması və insan ləyaqətinə hörmət prinsiplərinə söykənirdi. Məhz bu dəyərlər bu gün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın əsas ideoloji dayağını təşkil edir. Azərbaycanın siyasi modeli də oxşar prinsiplər üzərində qurulub. Tarixi İpək Yolu üzərində yerləşən ölkə əsrlər boyu fərqli mədəniyyətlərin, dinlərin və etnik qrupların qovuşduğu məkan olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tarixi irs müasir dövlət siyasətinin mühüm istiqamətinə çevrilib. Multikulturalizm və dini tolerantlıq Azərbaycanda yalnız mədəni siyasət elementi deyil, milli təhlükəsizlik və ictimai sabitliyin əsas sütunlarından biridir.

Çıxışda vurğulanan əsas məqamlardan biri də qlobal miqyasda artan qarşıdurmalar fonunda dialoqun alternativsiz olması idi. Müasir dünyada siyasi, dini və ideoloji zəmində baş verən münaqişələr göstərir ki, gücə əsaslanan yanaşmalar uzunmüddətli sülh və sabitlik yaratmır. Bu baxımdan insan qardaşlığı ideyası yalnız mənəvi çağırış deyil, həm də rasional siyasi strategiyadır. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərində, regional əməkdaşlıq platformalarında və humanitar diplomatiyada oynadığı fəal rolu təsdiqləyir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə irəli sürdüyü təşəbbüslər – xüsusilə inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi, ədalətli beynəlxalq nizamın təşviqi və pandemiya dövründə qlobal həmrəyliyə çağırışlar – insan qardaşlığı konsepsiyasının praktik siyasi ifadəsi kimi dəyərləndirilə bilər. Bu siyasət milli maraqlarla qlobal məsuliyyət arasında balans yaratmağı hədəfləyir. Əbu-Dabidə səsləndirilən fikirlər bir daha göstərdi ki, müasir liderlik yalnız güclü dövlət qurmaqla ölçülmür. Əsl liderlik xalqlar arasında körpülər salmaq, fərqlilikləri qarşıdurma deyil, zənginlik mənbəyi kimi təqdim etmək bacarığıdır. Şeyx Zayedin siyasi irsi və Prezident İlham Əliyevin bu irsə istinadla səsləndirdiyi mesajlar göstərir ki, humanizm və praqmatik siyasət bir-birini istisna etmir, əksinə, tamamlayır. Nəticə etibarilə, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Prezidentinə təqdim olunması beynəlxalq ictimaiyyətə verilən mühüm mesajdır: davamlı sülh və inkişaf yalnız qarşılıqlı hörmət, dialoq və ortaq dəyərlər üzərində qurula bilər. Bu mesajın Əbu-Dabidən dünyaya yayılması isə Şeyx Zayedin siyasi fəlsəfəsinin bu gün də aktuallığını qoruduğunu təsdiqləyir.

İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button