AnalitikaGündəmSiyasət

Azərbaycanın beynəlxalq nüfuzunun artması

COP29 beynəlxalq iqlim konfransı, Bakı şəhərində yüksək səviyyədə təşkil olunaraq dünya ictimaiyyətinin diqqətini bir daha iqlim dəyişikliyi probleminin aktuallığına yönəltdi. Bu tədbir, Azərbaycan üçün təkcə diplomatik uğur deyil, həm də qlobal ekoloji gündəmdə fəal iştirakının göstəricisi oldu. Konfransda dünyanın 190-dan çox ölkəsindən nümayəndə heyətləri, eləcə də beynəlxalq təşkilatlar və qeyri-hökumət qurumları iştirak etdilər.

Konfransın əsas məqsədlərindən biri 2015-ci il Paris Sazişinə uyğun olaraq iqlim öhdəliklərinin konkret addımlarla dəstəklənməsi idi. COP29 çərçivəsində qəbul olunan sənədlər və razılaşmalar, karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi və inkişaf etməkdə olan ölkələrin texnoloji dəstəklə təmin olunması sahəsində mühüm nəticələr verdi. Bakı Bəyannaməsi kimi tanınan yekun sənəd, iqlim dəyişikliklərinə qarşı ortaq məsuliyyətin və qlobal həmrəyliyin ifadəsi oldu.

Konfransda Azərbaycan hökumətinin təşəbbüsü ilə yaşıl maliyyələşmə platforması yaradıldı. Bu platforma, inkişaf etməkdə olan ölkələrin ekoloji layihələrə sərmayə cəlb etməsi üçün mühüm vasitə rolunu oynayacaq. Azərbaycanın bu istiqamətdə liderlik nümayiş etdirməsi, onun beynəlxalq nüfuzunun daha da artmasına səbəb oldu. Bərpa olunan enerji sahəsində Azərbaycanla bir sıra ölkələr arasında əməkdaşlıq sənədləri də imzalandı.

Tədbir çərçivəsində keçirilən panellər, forumlar və sərgilər, dövlətlər, şirkətlər və ictimaiyyət nümayəndələri arasında bilik və təcrübə mübadiləsini təşviq etdi. COP29, iqlim dəyişikliyi ilə mübarizənin yalnız hökumətlərin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olduğunu bir daha vurğuladı. Bu isə gələcəkdə daha davamlı və əhatəli yanaşmaların formalaşmasına zəmin yaratdı.

COP29-un uğuru, Azərbaycanın qlobal problemlərə həssas yanaşmasını və təşəbbüskarlığını nümayiş etdirdi. Konfrans həm təşkilati baxımdan, həm də məzmunca yüksək səviyyədə keçirildi və iqlim məsələlərinə dair beynəlxalq dialoqun keyfiyyətcə yeni mərhələyə keçməsinə təkan verdi.

Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button