AnalitikaGündəmSiyasət

Azərbaycan XXI əsrin enerji mərkəzlərindən birinə çevrilir

“Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası Azərbaycanın enerji strategiyasının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu görüş Avrasiyanın enerji xəritəsinin yenidən çəkildiyi bir məkana çevrilib. Son 12 ildə Cənub Qaz Dəhlizi ideyadan reallığa çevrilərək enerji təhlükəsizliyinin təminatında yeni fəlsəfənin – “birlikdə həll etmək” prinsipinin təcəssümünə çevrilib”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan qazının istehlakçı ölkələrinin sayının 16-ya çatması strateji əhəmiyyətli göstəricidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, boru kəmərləri vasitəsilə qaz tədarük edən ölkələrin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Bu, kiçik bir dövlətin böyük enerji oyunçusuna çevrilməsinin bariz nümunəsidir. Suriyaya qaz tədarükünün başlanması isə xüsusi diqqət çəkir. Müharibədən sonrakı bərpa dövrünü yaşayan Suriyaya 1,5 milyard kubmetr həcmində qaz nəqli Azərbaycanın enerji diplomatiyasının Yaxın Şərqə doğru genişləndiyini göstərir. Bu addım eyni zamanda “şaxələndirmə” anlayışına yeni məna qatır. Ənənəvi olaraq istehlakçıların təchizat mənbələrini şaxələndirməsindən danışılarkən, Azərbaycan istehsalçı ölkə kimi öz ixrac coğrafiyasını şaxələndirməklə enerji təhlükəsizliyinin yeni modelini təqdim edir.

“Azərbaycan qazının Almaniya və Avstriyaya çatması Avropa İttifaqının enerji təhlükəsizliyi konsepsiyasında mühüm dönüş nöqtəsidir. Artıq Aİ-nin 10 üzv dövləti Azərbaycan qazından istifadə edir. Bu, Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji asılılığını diversifikasiya etmək səyləri fonunda xüsusi əhəmiyyət kəsb edir. Lakin maraqlı məqam odur ki, Prezident İlham Əliyevin çıxışında “Cənub Qaz Dəhlizinin tam yüklənməsi” vurğulanır. Bu o deməkdir ki, mövcud infrastruktur imkanları artıq son həddə çatıb. 2028-ci ilə qədər “Şahdəniz”in yeni mərhələsi, “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron” və “Ümid” yataqlarından əlavə 10-15 milyard kubmetr qazın bazara çıxarılması planlaşdırılır. Bu həcm Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır, lakin eyni zamanda yeni infrastruktur investisiyalarını zəruri edir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışının ən diqqətçəkən məqamlarından biri yaşıl enerjiyə verilən strateji önəmdir. 2032-ci ilə qədər 6-8 giqavat alternativ enerji istehsalı hədəfi Azərbaycanın enerji sektorunda köklü dəyişikliklər edəcək. “Masdar” və “ACWA Power” kimi beynəlxalq nəhənglərin layihələri artıq reallıqdır. 230 MVt günəş və 240 MVt külək elektrik stansiyaları sistemə qoşulub. Xəzər dənizinin dibi ilə çəkiləcək enerji kabeli layihəsi isə Avropa ilə Asiyanın enerji körpüsünə çevrilə bilər. Mərkəzi Asiyadan Azərbaycana, oradan da Avropaya yaşıl enerji nəqli nəinki region ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək, həm də yeni geosiyasi reallıq yaradacaq. Prezident İlham Əliyevin bu layihələri “ekzistensial əhəmiyyət kəsb edən” kimi xarakterizə etməsi təsadüfi deyil.

 

“Azərbaycanın enerji strategiyası təbii qazla məhdudlaşmır. Türkiyədə 870 MVt, Serbiyada 500 MVt gücündə elektrik stansiyaları, İtaliyada ümumi gücü 10 milyon ton olan iki neftayırma müəssisəsi, Egeydə 12 milyon tonluq neftayırma zavodu – bu investisiyalar Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsini öz sərhədlərindən çox uzaqlara daşıyır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı, minlərlə yanacaqdoldurma məntəqəsi ilə birlikdə Azərbaycanı Avropanın enerji mənzərəsinin ayrılmaz hissəsinə çevirir.

 

Onun sözlərinə görə, Azərbaycan artıq sadəcə enerji resurslarına malik ölkə deyil, o, enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirak edən, enerji tranziti, emalı və paylanmasında mühüm rol oynayan regional liderdir. Qazaxıstan və Türkmənistan neftinin tranziti üzrə artan həcmlər, Xəzərin şərq sahillərindən əlavə neft qəbulu imkanları Azərbaycanın tranzit potensialının genişləndiyini göstərir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası təsdiqlədi ki, Azərbaycanın enerji strategiyası üç sütuna söykənir: ənənəvi enerji daşıyıcılarının etibarlı təchizatı, bərpa olunan enerjiyə strateji keçid və enerji infrastrukturuna qlobal səviyyəli investisiyalar. Bu üç sütun Azərbaycanı XXI əsrin enerji mərkəzlərindən birinə çevirir.

Oxşar Xəbərlər

Back to top button