
Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri 2020-ci ilin 8 noyabrında yazıldı. Həmin gün Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğal həsrətinə son qoyaraq, öz doğma torpaqlarını azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq, vətənpərvərlik və birliyini nümayiş etdirərək Qarabağın tacı sayılan Şuşa şəhərini azad etdi. Bu möhtəşəm qələbə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu və 8 Noyabr tarixi əbədi olaraq Zəfər Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başladı.Şuşanın azad edilməsi təkcə hərbi qələbə deyildi, həm də milli qürurumuzun, mədəni kimliyimizin, mənəvi dəyərlərimizin dirçəlişi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, musiqimizin, poeziyamızın, memarlığımızın simvolu, xalqımızın ruhunun ifadəsidir. Hər bir azərbaycanlı üçün bu şəhərin azadlığı sanki bütün Vətən torpağının azadlığı qədər əzizdir.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi, vətən sevgisinin sınaqdan çıxdığı bir dövr oldu. Cəbhədə əsgərlərimiz döyüşür, arxada isə xalq orduya dəstək verirdi. Hər bir vətəndaş öz sahəsində, öz əməyində bu müqəddəs mübarizənin bir parçası idi. Azərbaycan xalqının milli həmrəyliyi, dövlətinə və ordusuna sonsuz inamı bu qələbənin əsas dayağı oldu.Müharibə dövründə Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, dəmir məntiqi və qətiyyəti həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycanın haqq səsini dünyaya çatdırdı. “Qarabağ Azərbaycandır!” şüarı milyonlarla insanın könlündə əbədi iz qoydu. Bu çağırış sadəcə bir ifadə deyil, xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin rəmzinə çevrildi.Bu gün Zəfər Günü təkcə hərbi-siyasi nailiyyətin deyil, həm də milli dirçəlişin, dövlətçilik ruhunun, xalq birliyinin təntənəsidir.
Hər il 8 Noyabrda ölkənin hər yerində qürurla dalğalanan üçrəngli bayrağımız, şəhidlərimizin xatirəsinə həsr olunan mərasimlər, gənclərin iftixarla oxuduğu Zəfər mahnıları xalqımızın bir daha bu zəfərin dəyərini anladığını göstərir.Zəfərimizin memarları – qəhrəman şəhidlərimiz və qazilərimiz – xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Onların canı və qanı bahasına əldə edilən bu qələbə nəsillərdən-nəsillərə keçəcək ən dəyərli mirasdır. Azərbaycan xalqı onların qəhrəmanlığını hər zaman qürurla yad edir, bu müqəddəs yolun davamçıları kimi gəncləri Vətənə sevgi və sədaqət ruhunda tərbiyə edir.
Bu gün azad Qarabağda, Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və digər azad olunmuş şəhərlərdə bərpa və quruculuq işləri aparılır. Bu, Zəfər Gününün real bəhrəsidir – dağıdılmış torpaqlarda həyat yenidən canlanır, kəndlərimizə, şəhərlərimizə azan səsi, uşaq gülüşü qayıdır.Azərbaycan xalqı artıq qalib xalqdır. Bu qələbə yalnız torpaqlarımızın deyil, həm də milli qürurumuzun, gələcəyimizə inamımızın qələbəsidir. 8 Noyabr – Zəfər Günü əbədi olaraq dövlətimizin tarixində, xalqımızın yaddaşında, hər bir azərbaycanlının qəlbində qürur, sevinc və iftixar günü kimi yaşayacaq.
Murad Zeynalov,
Yeni Azərbaycan Partiyası,məsləhətçi


