AnalitikaGündəmMədəniyyət

Azərbaycan xalqının milli kimliyinə və müstəqilliyinə bağlılığının bariz nümunəsidir

Bu əlamətdar günün qeyd olunması Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli sərəncamı ilə təsdiqlənmişdir. Həmin sərəncamda Azərbaycan dilinin inkişaf etdirilməsi, ədəbi dil normalarının qorunması və latın qrafikalı yeni Azərbaycan əlifbasının tətbiqinin sürətləndirilməsi məsələləri xüsusi vurğulanır. Bu addım həm də Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində mühüm bir mərhələ olmuşdur.

Azərbaycan dili zəngin fonetik, qrammatik və leksik quruluşa malik olmaqla, əsrlər boyu xalqımızın düşüncə tərzini, həyat tərzini, dünya görüşünü ifadə etmişdir. Bu dil Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və digər böyük söz ustadlarının əsərlərində özünün ən gözəl və ən parlaq ifadəsini tapmışdır.

Hələ dövlətimizin müstəqilliyindən öncə Azərbaycan dili uzun illə təsir və təzyiqlərə məruz qalmış, sıxışdırılmış, dilimizin inkişafına məhdudiyyətlər qoyulmuşdur. Ötən əsrin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmiş. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir.

Bütün bu məhdudiyyətlərə baxmayaraq Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa çalışmış və buna nail olmuşdur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. Heydər Əliyevin sayəsində 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Bundan başqa, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Latın qrafikalı yeni Azərbaycan əlifbasına keçid isə müasir mərhələdə dilimizin inkişafına mühüm töhfə vermişdir. 2001-ci ildən etibarən rəsmi sənədlər, dərsliklər və çap məhsulları tam şəkildə latın qrafikalı əlifbaya uyğunlaşdırılmışdır. Bu proses Azərbaycan xalqının milli kimliyinə və müstəqilliyinə bağlılığının bariz nümunəsidir.

Bədiyyə Sadıqova
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button