AnalitikaGündəmSosial

Azərbaycan xalqı Novruz bayramını qalibiyyət ruhu ilə qeyd edir

“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” – Ulu Öndər Heydər Əliyevin illər öncə dediyi bu sözlər 28 illik fasilədən sonra Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz tərəfindən həyata keçirildi. Qədim şəhərimiz olan Şuşada bayram tonqalı qalandı. Bu hadisə xalqımızda böyük qürur, fəxarət hissi doğurdu. Bu gün insanımız artıq Qarabağda qalanan tonqallar üzərindən atlanır, arzu və diləklərini bildirirlər. Bu xoşbəxtliyi bizə yaşadan canlarını heç düşünmədən vətənə, torpağa qurban verən qəhrəman, igid oğullarımızın ruhları qarşısında baş əyir, qazilərimizə isə Allahdan şəfa arzulayırıq. Qələbələr hər zaman qoy Azərbaycan xalqının nəsibi olsun.

Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi yaşadan milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram, insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Tonqallar qalanır, süfrələr qurulur. Novruzun rəmzi olan səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə süfrədə olması vacib şərtdir. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır. Tonqal heç vaxt su ilə söndürülmür.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edilir. Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır. Novruz bayramının beynəlxalq ənənəyə çevrilməsi və bayram mərasimlərinin müxtəlif xalqlar arasında dostluq və qardaşlığa zəmin yaratması xalqlar arasında həmrəyliyə səbəb olmaqla yanaşı, dünyada sülh və səmimilik yaradır. Gəlişi ilə elimizə bərəkət, ömrümüzə təravət gətirən Novruz həmrəylik, dostluq və milli birlik bayramıdır. Bayramınız mübarək!

Fərəcova Reyhan,
Mərdəkan qəsəbəsi Zulkayday 15 ərazi partiya təşkilatının sədri 

Oxşar Xəbərlər

Back to top button