Analitika

Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib

“İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir. Bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur”.

Bu sözləri “Gundemws.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində keçmiş SSRİ-nin qazandığı tarixi Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. 

“Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli motor yağlarının 85-90 faizi Azərbaycanın payına düşüb”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferopolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya isə Yuqoslaviyanın azadlığı uğrunda fəal iştirak ediblər.

Onun sözlərinə görə, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları “Xalqımızın qızıl fondu” adlandırırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır və onları diqqətdə saxlayır.

Oxşar Xəbərlər

Back to top button