Azərbaycan xalqı faşizm üzərində qələbənin qazanılmasına böyük töhfələr verib
XX əsr tarixə misli görünməmiş elmi kəşflər, ixtiralar və digər nailiyyətlərlə yanaşı, bəşəriyyəti fəlakətə sürükləyən, dəhşətə gətirən İkinci Dünya müharibəsi ilə də həkk olunmuşdur.
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 65 il keçir. Amansız müharibə 50 milyondan çox insanın ömrünə son qoymuş, minlərlə şəhər, qəsəbə və kənd viran edilmiş, xarabazara çevrilmişdi. Bəşər tarixində ən dəhşətli savaşlardan olan bu müharibədə şanlı Qələbənin qazanılmasına Azərbaycan xalqı da böyük töhfələr vermişdir.
İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşaya hücumu ilə başlamışdır. Buna cavab olaraq Polşanın müstəqilliyi və ərazi bütövlüyünə rəsmi sənədlə zəmanət vermiş İngiltərə və Fransa hökumətləri sentyabrın 3-də Almaniyaya müharibə elan etdilər.
İkinci Dünya müharibəsinin başlanması və mərhələləri haqqında hərbi tarixçilər arasında fikir ayrılığı mövcuddur. 1995-ci ilin aprelində Moskvada keçirilmiş “İkinci Dünya müharibəsinin dərsləri və faşizm üzərində Qələbənin əhəmiyyəti” adlı beynəlxalq elmi konfransda dünyanın 26 ölkəsindən hərbi tədqiqatçılar iştirak etmişdi. Onların bəziləri İkinci Dünya müharibəsinin başlanılmasını İtaliya-Efiopiya müharibəsindən (3 oktyabr 1935) hesablamağı məqbul sayırdılar.
1940-cı il sentyabrın 27-də Almaniya-İtaliya-Yaponiya arasında “üçlük paktı” imzalanmışdır. Bu pakt hərbi əməliyyatların sonrakı qanlı axarını müəyyən etmişdir.
Faşist Almaniyası Qərbi və Mərkəzi Avropanın bütün ölkələrini işğal edəndən sonra, 1941-ci il iyunun 22-də müharibə elan etmədən qəflətən SSRİ-yə hücum etmişdir.
İkinci Dünya müharibəsi illərində faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının xidməti və rolu böyük olmuşdur. Müharibə illərində neft sənayesi naziri olmuş Nikolay Baybakovun sözlərinə görə, “faşizm üzərində Qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir”.
Müharibə başlanandan sonra Azərbaycanda da gənclərin orduda xidmətə çağırılması işi gücləndirilmişdi. Lakin kənd məktəblərində müəllim kadrları çatışmadığı üçün SSRİ Xalq Müdafiə Komissarı Kliment Voroşilovun göstərişinə əsasən müəllimlərin orduda xidmətə çağırılmasına müvəqqəti möhlət verilmişdi. 1939-cu il noyabrın sonunda başlanmış SSRİ-Finlandiya müharibəsi uzandığı üçün kənd məktəbləri müəllimlərinə verilmiş möhlət də ləğv edildi və onları 1939-cu ilin oktyabr-dekabr aylarında hərbi xidmətə çağırdılar.
Müharibənin ilk günlərində bütün ölkədə olduğu kimi, Azərbaycanda da ümumi səfərbərlik elan edildi.
SSRİ tərkibində olan digər respublikaların xalqları kimi, 600 min nəfər Azərbaycan vətəndaşı da cəbhəyə yollanaraq faşizmə qarşı döyüşmüşdür. Müharibənin birinci üç günündə Azərbaycandan ordu sıralarına 40 mindən çox oğlan və qız yola düşmüşdür. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmiş, 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradılmışdır. 1941-42-ci illərdə respublikada 1 milyon nəfər hərbi təlim proqramını öyrənmişdi.
Azərbaycanlıların döyüş rəşadəti çox şərəfli olmuşdur. Azərbaycanlı döyüşçülər Zaqafqaziya cəbhəsindən Berlinədək qanlı-qadalı döyüş yolu keçmişlər. Zaqafqaziya cəbhəsində döyüşənlər arasında 66,1 min nəfər azərbaycanlı vardı. Mozdok rayonunda döyüşən 223-cü, 402-ci və 416-cı milli Azərbaycan diviziyaları 44-cü ordunun əsas zərbə qüvvəsi idi.
416-cı milli Azərbaycan diviziyası Berlinə ilk hücum edən 6 diviziyadan biri olmuşdu. Bu diviziya Reyxstaqın 150 metrliyində yerləşən Brandenburq darvazasının üzərində müharibənin qələbə bayrağını ucaltmışdır. Əsasən, azərbaycanlılardan ibarət 416-cı və 77-ci diviziyalardan 16 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Ümumiyyətlə, 1941-1945-ci illər müharibəsində ön cəbhədə və arxada Azərbaycanın 150 mindən çox övladı orden və medallarla təltif olunmuşdur.
Sovet İttifaqının rəhbərliyi Bakının və bütün Azərbaycanın müharibə illərində strateji əhəmiyyətini nəzərə alaraq müvafiq göstərişlər vermişdi. Azərbaycanın və xüsusilə Bakının müdafiəsinə, müəyyən ərazilərdə səngərlərin qazılmasına hələ 1941-ci ilin iyulunda başlanmışdı və bu iş davam edirdi. Dövlət Müdafiə Komitəsinin 1942-ci il 16 sentyabr tarixli qərarına əsasən Bakı ətrafında müdafiə-istehkam xətləri tikintisi işində hər gün 90 min nəfər səfərbər olunmuşdu. Dağıstan tərəfindən faşist ordusu hücumlarına qarşı Baş Qafqaz aşırımları zonası olan Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ rayonlarında da müdafiə-istehkam xətləri tikilirdi.
Bu müharibədə almanların məğlubiyyəti Moskva ətrafındakı döyüşlərdən başlandı və həmin döyüşlərdə faşistlər 500 mindən çox əsgər və zabitini, çoxlu hərbi texnikasını itirmişdi.
Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərmiş, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışmışdır. Böyük Qələbəyə neft Bakısının töhfəsi əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında çıxarılan neftin 70 faizini Azərbaycan verirdi. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı.
Faşist Almaniyasının SSRİ-yə qarşı “ildırım sürətli müharibə” planında Azərbaycan və onun nefti xüsusi yer tuturdu. Hələ 1941-ci il martın 27-də Almaniyanın “Kontinental neft cəmiyyətinə” Bakı nefti ilə ciddi məşğul olmaq tapşırığı verilmişdi. Azərbaycan faşist Almaniyasının müharibə planında mühüm strateji, geosiyasi əhəmiyyətli ölkə kimi qeyd olunmuşdu.
Hitler Azərbaycan nefti ilə Ukraynanın taxılını ələ keçirməyi Şərqdə özünün siyasətinin əsası hesab edirdi.
SSRİ ilə Almaniya arasında bir-birinə hücum etməmək paktının (1939) bağlanması Fransa və İngiltərəni çox narahat edirdi. Dünya mətbuatında SSRİ-nin Almaniyanı guya Bakı nefti ilə təmin etməsi haqqında qərəzli yazılar da verilirdi. Bütün bu səbəblərə görə London və Parisdə Bakı neft rayonunu bomba zərbəsi ilə sıradan çıxarmaq planı hazırlanmağa başlanmışdı. Bu vəzifəni Fransanın Suriyada yerləşən hərbi-hava qüvvələrinin həyata keçirməsi nəzərdə tutulurdu. Fransa generalı Qamelen 1940-cı il fevralın 22-də öz hökumətinə təqdim etdiyi məruzədə qeyd edilir ki, Sovet İttifaqının neftinin 75 faizini Bakı verir və onu sıradan çıxarmaq lazımdır. Geniş müzakirələrdən sonra İngiltərə və Fransa hökumətləri bu qərara gəlmişdilər ki, Bakıya bomba zərbəsi endirmək əvəzinə neftin Almaniyaya Qara dənizlə göndərilməsinə sualtı qayıqlar vasitəsilə mane olmaq daha səmərəli ola bilər. Həmin günlərdə Fransa generalı Şarl de Qoll Bakını bombardman etmək planını irəli sürənləri “qızğın başlar” adlandırmışdı.
İkinci Dünya müharibəsi 2194 gün davam etmiş və 55 milyondan çox insanın ölümünə səbəb olmuşdur. Bu isə Birinci Dünya müharibəsində həlak olanlardan 5 dəfə çox idi.
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaqdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndərimizin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir.
Bəhruz Rüstəmov,
YAP-ın fəalı