AnalitikaGündəmSiyasət

Azərbaycan Xalq Cümhuriyyəti müstəqil idarəetmənin və milli suverenliyin əsasını qoydu

28 May – Müstəqillik Günü xalqımızın tarixi yaddaşında azadlıq və milli dövlətçilik uğrunda mübarizənin simvoludur. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, bütövlükdə Şərq və müsəlman dünyasının ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşmüşdür. Bu tarixi hadisə milli şüurun oyanışının, dövlətçilik iradəsinin və xalqın öz müqəddəratını müəyyən etmək qətiyyətinin bariz nümunəsi idi.

Cümhuriyyətin yaradılması ilə İstiqlal Bəyannaməsi qəbul olundu və beləliklə, Azərbaycan xalqı öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etdi:

“Bu sənəd, əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin müasir dövrdə davamı olmaqla, hüquqi və siyasi baxımdan suverenliyin əsasını qoydu. İstiqlal Bəyannaməsi həm də o dövrdəki geosiyasi çağırışlar fonunda milli iradənin necə böyük gücə çevrildiyini göstərdi.

Qısa – cəmi 23 ay davam edən fəaliyyət dövründə AXC dövlət quruculuğu sahəsində bir çox fundamental addımlar atdı. Parlamentin və hökumətin yaradılması, dövlət atributlarının – bayraq, vətəndaşlıq və milli ordunun təsis edilməsi, ədliyyə sisteminin formalaşdırılması və diplomatik əlaqələrin qurulması Azərbaycan xalqının müstəqil yaşamağa qadir olduğunu sübut etdi.

Bu dövrdə ilk dəfə olaraq bütün vətəndaşlara – dinindən, irqindən və cinsindən asılı olmayaraq – bərabər hüquqlar verildi, ümumi seçki hüququ təsbit olundu. Qadınlara seçki hüququnun verilməsi isə Azərbaycanın demokratiya tarixində xüsusilə mühüm və fərqləndirici hadisə idi.

Xalq Cümhuriyyətinin hökuməti təhsilin milliləşdirilməsini prioritet vəzifə kimi qarşıya qoydu. Bakı Dövlət Universitetinin təsisi milli kadr hazırlığında mühüm mərhələ idi. Eyni zamanda, məhkəmə sistemi və ədliyyə orqanlarının əsaslarının yaradılması hüquqi dövlət quruculuğunun ilk sətirlərini yazdı. Bu sahədə qəbul edilmiş əsasnamələr müasir ədliyyə sistemimizin başlanğıcı hesab olunur.

Cümhuriyyətin yaradılması xalqımızın milli mənlik şüurunun bərpası, azərbaycançılıq ideyasının təşəkkülü baxımından əhəmiyyətli dönüş nöqtəsi oldu. Avropa dəyərləri ilə Şərq mədəniyyətini birləşdirən bu dövlət modeli, gələcək nəsillərə milli qürur və dövlətçilik təməlləri miras qoydu.”

Aida Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button