AnalitikaGündəmSiyasət

Azərbaycan-Vyetnam əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə keçərək yeni inkişaf mərhələsinə qədəm qoydu

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında 7 may 2025-ci ildə imzalanmış çoxsaylı sənədlər, iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqlədi. İmzalanan razılaşmalar siyasi, iqtisadi, texnoloji, mədəni və müdafiə sahələrini əhatə etməklə, əməkdaşlığın nə qədər çoxşaxəli və dərinlikli olduğunu göstərdi. Ən önəmlisi isə iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması oldu ki, bu sənəd tərəflərin qarşılıqlı münasibətləri strateji çərçivəyə saldığını rəsmi şəkildə təsdiqlədi.

Enerji sahəsində SOCAR ilə PetroVietnam və digər sənaye strukturları arasında imzalanan Anlaşma Memorandumları, neft və qaz emalı, ticarəti, texnoloji bilik mübadiləsi kimi sahələrdə qarşılıqlı fəaliyyətin əsasını qoydu. Eyni zamanda KOBİA və VINEN-in yaratdığı Birgə Biznes Şurası, sahibkarlar üçün birbaşa əlaqə və konkret layihələrin reallaşması imkanını artırdı. Rəqəmsal inkişaf, elm və innovasiya üzrə razılaşmalar isə gələcəyin iqtisadi modelinə yönəlmiş addımlar kimi dəyərləndirilə bilər.

Müdafiə və ədliyyə sahəsində bağlanmış anlaşmalar, hüquqi və təhlükəsizlik çərçivəsində təcrübə və informasiya mübadiləsinin genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, mədəniyyət, arxiv və informasiya sahəsindəki razılaşmalar da ictimai və humanitar əlaqələrin gücləndirilməsində mühüm rol oynayacaq. Bu sənədlər vasitəsilə Azərbaycan və Vyetnam yalnız dövlətlərarası deyil, həm də xalqlararası yaxınlaşmanı hədəfləyir.

Nəticə etibarilə, imzalanmış sənədlərin ümumi məzmunu hər iki tərəfin bir-birini strateji tərəfdaş kimi gördüyünü nümayiş etdirir. Bu sənədlər təkcə diplomatik jest deyil, konkret fəaliyyət və qarşılıqlı fayda üzərində qurulmuş uzunmüddətli əməkdaşlıq modelinin başlanğıcıdır.

Sünbül Həsənquliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button