AnalitikaGündəmSiyasət

Azərbaycan və Türkmənistan arasında qarşılıqlı dəstək etibarlı tərəfdaşlığın göstəricisidir

Azərbaycan və Türkmənistan arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət, etimad və dostluq prinsipləri əsasında inkişaf edir. Bu münasibətlərin ən mühüm xüsusiyyətlərindən biri dövlətlərin bir-birinə beynəlxalq və regional məsələlərdə göstərdikləri qarşılıqlı dəstəkdir. Məhz bu prinsip iki qardaş ölkə arasında etibarlı strateji tərəfdaşlığın formalaşmasına və davamlı inkişafına mühüm töhfə verib.

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla keçirdiyi görüş zamanı səsləndirilən fikirlər də göstərdi ki, Azərbaycan və Türkmənistan bütün mühüm məsələlərdə bir-birinin mövqeyinə hörmətlə yanaşır və qarşılıqlı dəstəyi davam etdirirlər. Dövlət başçılarının səmimi münasibətləri ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.

Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsinə verdiyi dəstək qarşılıqlı etimadın bariz nümunəsidir. Bu addım Azərbaycanın regional əməkdaşlıq platformalarında rolunun daha da artmasına imkan yaratmaqla yanaşı, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir.

Azərbaycan da öz növbəsində Türkmənistanın beynəlxalq təşəbbüslərinə daim hörmətlə yanaşır və bu ölkənin uğurlarını yüksək qiymətləndirir. Prezident İlham Əliyevin Türkmənistanın neytrallıq siyasətinə verdiyi dəstək, qardaş ölkənin sosial-iqtisadi inkişafını yüksək dəyərləndirməsi münasibətlərimizin səmimiliyini bir daha təsdiqləyir.

Qarabağın bərpası istiqamətində Türkmənistanın göstərdiyi mənəvi dəstək də etibarlı tərəfdaşlığın mühüm göstəricilərindəndir. Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü iki xalqın ortaq mənəvi dəyərlərə sadiqliyini nümayiş etdirən mühüm addımdır. Bu layihə gələcək nəsillər üçün də dostluğun və qardaşlığın rəmzi olacaq.

Qarşılıqlı dəstək iqtisadi, nəqliyyat, logistika və humanitar sahələrdə də özünü aydın şəkildə göstərir. Dövlətlər arasında imzalanan sənədlər, həyata keçirilən birgə layihələr və davamlı siyasi dialoq əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu münasibətlər təsadüfi deyil, uzun illər ərzində formalaşmış etibarlı tərəfdaşlığın nəticəsidir.

Bu gün Azərbaycan və Türkmənistan arasında qarşılıqlı dəstək dostluq münasibətlərini daha da gücləndirən əsas amillərdən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində formalaşan bu strateji tərəfdaşlıq gələcəkdə də yeni uğurlarla zənginləşəcək, regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Eyyub Cumayev,
YAP Nizami rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button