AnalitikaGündəmSiyasət

Azərbaycan və Özbəkistan Respublikaları arasında ikitərəfli münasibətlər artan xəttlə inkişaf edir

Bildiyiniz kimi, bu gün Azərbaycan və Özbəkistan birgə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında siyasi və iqtisadi transformasiya üçün yeni tempi müəyyən edirlər. Əminliklə deyə bilərik ki, bu, Azərbaycanın və Özbəkistanın hörmətli prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi sayəsində baş verir. 2020-ci ildən 2022-ci ilə qədər pandemiya dövrünü nəzərə almasaq, Azərbaycan və Özbəkistan prezidentlərinin 2023-2024-cü illər üçün qarşılıqlı səfərləri cədvəlinə sadə bir nəzər salmaq bunu aydın şəkildə təsdiqləyir – İlham Əliyevin Özbəkistana beş səfəri, Şavkat Mirziyoyevin Azərbaycana eyni sayda səfəri bunun ən yaxşı göstəricisidir. Bu, uğurlu nəticələrə gətirib çıxarır ki, onlardan da ən önəmlisi 2023-cü ildə Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında Ali Dövlətlərarası Şuranın yaradılması haqqında tarixi Sazişin imzalanmasıdır.

Artıq 2024-cü ilin avqustunda Ali Dövlətlərarası Şuranın ilk iclası keçirildi və burada kulminasiya nöqtəsi iki ölkə arasında münasibətlərin yeni siyasi formatı olan “Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması oldu. Bu da təkcə Cənubi Qafqazda və Mərkəzi Asiyada deyil, bütövlükdə Avrasiyada proseslərin dinamikasına təsir edəcək. Bundan əlavə, Azərbaycan və Özbəkistan BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi mötəbər platformalarda da fəal qarşılıqlı dəstək göstərirlər.

Türk Dövlətləri Təşkilatı (TDT) bu gün ilk növbədə regional əməkdaşlıq üçün mühüm mexanizmdir, o, türk dünyası ölkələrinin konsolidasiyası üçün əsas platformaya çevrilir. Özbəkistan Azərbaycanın qlobal siyasətdə TDT-nın rolunun gücləndirilməsinə yönəlmiş təşəbbüslərini fəal şəkildə dəstəkləyir. Təşkilat iqtisadi, mədəni və siyasi qarşılıqlı əlaqələri fəal şəkildə inkişaf etdirir ki, bu da onun beynəlxalq aləmdə rolunu gücləndirir. Ümumiyyətlə, TDT aparıcı regional strukturlardan birinə çevrilmək üçün əhəmiyyətli potensiala malikdir. Sevindirici haldır ki, Azərbaycan və Özbəkistan arasında TDT-nın gələcəyinə baxış üst-üstə düşür. Bu, ümumi xarici siyasətin inkişafı üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi, birgə layihələr vasitəsilə iqtisadi inteqrasiyanın sürətləndirilməsi, kollektiv təhlükəsizliyin gücləndirilməsi, təhsil mübadiləsi proqramlarının genişləndirilməsi, türk dilinin regionda rolunun gücləndirilməsidir. Nəticə etibarı ilə, 2030-cu ilə qədər TDT-nın Avrasiyada güclü iqtisadi və siyasi təsir mərkəzinə çevrilməsi qaçılmazdır.

Prezident cənab İlham Əliyevin ötən il avqust ayında Özbəkistana səfəri zamanı “Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın 20 prioritet istiqaməti”nin inkişafı üzrə iqtisadi plan təsdiq edilib. İstiqamətlərdən biri Özbəkistanın tekstil klasterləri sisteminin tətbiqidir. Özbəkistan müəssisələri Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş Qarabağ ərazilərində qabaqcıl təcrübə və texnologiyanın tətbiqi ilə trikotaj geyim və digər hazır toxuculuq məmulatlarının istehsalı sahəsini qururlar. Məsələn, sənaye kooperasiyasının genişləndirilməsi çərçivəsində Azərbaycanın Yevlax və İmişli rayonlarında pambıq-tekstil klasterlərinin təşkili üzrə iki birgə layihə həyata keçirilir. Bu gün məişət texnikası, alüminium radiatorlar, liftlər, transformatorlar və kabel-məftil məhsullarının istehsalı üzrə yeni layihələrin həyata keçirilməsi üzərində iş aparılır. Biz, həmçinin avtomobil sənayesi, dağ-mədən metallurgiyası, tikinti materialları, əczaçılıq və s. sahələrdə fəal əməkdaşlıq edirik.

Azərbaycan və Özbəkistan iqtisadi əməkdaşlıqda böyük irəliləyiş əldə edib. Belə ki, son beş ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb. Təkcə cari ildə bu sahədə artım 20% olub. Hər iki dövlət qarşılıqlı ticarəti 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. Əməkdaşlığın əsas sahələrinə enerji, tekstil, kənd təsərrüfatı və şəhərsalma daxildir. Səfər çərçivəsində liderlərin birgə İnvestisiya Fondunun kapitalının artırılacağı ilə bağlı bəyanatları, “Azərbaycan Resprublikası İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nın (“Yol xəritəsi”) imzalanması bu sahədə irimiqyaslı layihələrin icrasına zəmin yaracaq. Ticarət əlaqələrinin genişlənməsinə 15 oktyabr 2019-cu ildə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşündə Özbəkistanın şuraya tam üzv kimi qoşulması mühüm təsir göstərib.

Ölkələrimiz arasında turizmin inkişafı xalqlarımızın çoxəsrlik dostluğuna, tarixi və mədəni əlaqələrinə əsaslanan səmərəli ikitərəfli əməkdaşlığın bariz nümunəsidir. Özbəkistan və Azərbaycan nadir memarlıq abidələri, tarixi görməli yerləri və mədəni ənənələri ilə zəngindir. Azərbaycandan turistlər Böyük İpək Yolunun rəmzləri olan Daşkənd, Səmərqənd, Buxara və Xivəyə fəal şəkildə səfərlər edirlər. Öz növbəsində Özbəkistan vətəndaşları Bakı, Gəncə, Şəki, Naftalan və Azərbaycanın təbiət gözəlliklərinə maraq göstərirlər. Bu gün iki ölkə arasında turizm sabit artım nümayiş etdirir, bunu rəqəmlər də sübut edir.  2023-cü ildə Özbəkistandan Azərbaycana 40 minə yaxın, Azərbaycandan Özbəkistana isə 15 minə yaxın turist səfər edib.

Bakının ev sahibliyi etdiyi COP29 dünya iqlim sammiti çərçivəsində Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair saziş imzalanıb. Bu, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının inkişafı istiqamətində üçtərəfli əməkdaşlığın mühüm mərhələsidir. Bu saziş dövlətlərimizin enerji sistemlərinin inteqrasiyası, o cümlədən Avropa və digər bazarlara təmiz enerjinin çatdırılması üçün etibarlı dəhlizlərin yaradılması üçün yeni imkanlar açır.  Praktiki nəticələr, həmçinin üç ölkənin iqtisadiyyatlarını birləşdirən “yaşıl körpü” kimi Orta Dəhlizin inkişafına öz töhfəsini verəcək. Bu, mühüm sahədə sıx əməkdaşlıq təcrübə və qabaqcıl texnologiyaların mübadiləsini gücləndirəcək və enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək.

2024-cü ilin avqustunda Daşkənddə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik müna­sibətləri haqqında Müqavilə” imzaladı­lar. Bu müqavilənin imzalanmasını tarixi məqam saydığını deyən Prezident İlham Əliyev onu iki ölkənin imzalaya biləcə­yi ali səviyyəli beynəlxalq sənəd kimi dəyərləndirdi. Bununla Azərbaycan–Öz­bəkistan münasibətlərinin yeni fəslinin deyil, yeni kitabının yazıldığını bəyan edən Prezident İlham Əliyev bu gün iki qardaş xalqın, iki müstəqil, suveren, qüd­rətli dövlətin həm də rəsmi müttəfiqə çev­rilmələrini məmnunluqla qeyd etdi: “Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həm­çinin bir çox hallarda, regional siyasəti müəyyən edəcək”. Çıxışında Azərbaycanla Özbəkistan arasında son illər genişlənən əməkdaşlıq­dan söz açan dövlətimizn başçısı işğaldan azad edilimiş Füzuli rayonunda Özbəkista­nın maliyyəsi ilə Mirzə Uluqbəy adına orta məktəbin inşasını qardaşlıq rəmzi, özbək xalqının töhfəsi kimi yüksək qiymətlən­dirdi. Bu məktəbdə 500-ə yaxın şagirdin təhsil alacağını nəzərə çatdıran Azərbay­can Prezidenti iki ölkə arasında imzalanan yeni sənədlərin əməkdaşlığın daha geniş üfüqlərini müəyyənləşdirdiyini söyləmişdir

Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzərətrafı ölkələr vahid geosiyasi regio­na çevrilir. Cənubi Qafqazın intizarında olduğu müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq­dan da asılıdır. İnanırıq ki, möhkəm tellərə malik qardaşlıq ittifaqı bu missiyanın öh­dəsindən uğurla gələcək. Elə yaxın tarixə nəzər salanda görürük ki, özbək xalqı və mədəniyyəti ilə Azərbaycan xalqını və mə­dəniyyətini birləşdirən cəhətlər, bir-birinə bağlayan tellər az deyil. Hələ Sovet döv­ründə Özbəkistan və Azərbaycanın elm, mədəniyyət, ədəbiyyat və incəsənət adam­ları arasında yaradıcılıq, dostluq, qardaşlıq əlaqələri geniş idi.

İndi iki müstəqil, suveren Türk dövləti böyük fərəh və doğmalıq hissi ilə bir-birinə qucaq açır, arxa-dayaq olur. Çünki biz bir yolun yolçularıyıq, hədəflərimiz də eyni­dir. Gözlərimiz önündə rəngarəng özbək ipəyinə bürünmüş müjdəli səhərlər canla­nır. Sarsılmaz qardaşlıq birliyi və möhkəm müttəfiqlik üzərində inşa edəcəyimiz xoş­bəxt gələcəyi təkcə oğuz türkləri – özbək­lər və azərbaycanlılar deyil, Turan elləri, bütün Türk dünyası haqq edir.

 

Qasımov Ayməddin,
Xəzər rayonu, 92 №li tam orta məktəbin müəllimi

 

Oxşar Xəbərlər

Back to top button