
2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm addım oldu. Bu səfər zamanı Prezident İlham Əliyevin söylədiyi fikirlər – xüsusilə də “Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik” bəyanatı – təkcə diplomatik jest deyil, eyni zamanda dərin dostluq və strateji tərəfdaşlıq münasibətlərinin göstəricisidir.
Son illərdə Özbəkistan sürətli dəyişikliklər və islahatlarla diqqət mərkəzindədir. Şavkat Mirziyoyevin rəhbərliyi altında ölkədə idarəçilik sistemi yenilənib, iqtisadiyyat liberallaşdırılıb, xarici investisiyalar üçün əlverişli şərait yaradılıb, insan hüquqları və sosial sahələrdə ciddi addımlar atılıb. Azərbaycan bu inkişaf prosesini böyük rəğbətlə izləyir, çünki bu nailiyyətlər təkcə Özbəkistan üçün deyil, bütövlükdə türk dünyası üçün də uğur nümunəsidir. Prezident İlham Əliyevin bu fikri eyni zamanda iki ölkə arasındakı ortaq dəyərlərə, mədəni irsə və strateji maraqlara əsaslanan əlaqələrin dərinliyini göstərir. Azərbaycan və Özbəkistan tarixən bir-birinə yaxın olmuş, ortaq mədəni köklər, din və dil birliyi bu münasibətlərin əsasında dayanmışdır. Bu gün isə bu əlaqələr müasir çağırışlara uyğun olaraq siyasi, iqtisadi və texnoloji sahələrdə daha da güclənir.
Ölkələrimiz arasında turizmin inkişafı xalqlarımızın çoxəsrlik dostluğuna, tarixi və mədəni əlaqələrinə əsaslanan səmərəli ikitərəfli əməkdaşlığın bariz nümunəsidir. Özbəkistan və Azərbaycan nadir memarlıq abidələri, tarixi görməli yerləri və mədəni ənənələri ilə zəngindir. Azərbaycandan turistlər Böyük İpək Yolunun rəmzləri olan Daşkənd, Səmərqənd, Buxara və Xivəyə fəal şəkildə səfərlər edirlər. Öz növbəsində Özbəkistan vətəndaşları Bakı, Gəncə, Şəki, Naftalan və Azərbaycanın təbiət gözəlliklərinə maraq göstərirlər. Bu gün iki ölkə arasında turizm sabit artım nümayiş etdirir, bunu rəqəmlər də sübut edir. 2023-cü ildə Özbəkistandan Azərbaycana 40 minə yaxın, Azərbaycandan Özbəkistana isə 15 minə yaxın turist səfər edib.
Mirziyoyevin səfəri çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər və müzakirə olunan layihələr iki ölkə arasında əməkdaşlığın yalnız bu günə deyil, gələcəyə hesablandığını sübut edir. Azərbaycan və Özbəkistan artıq regional sabitlik və inkişafın aparıcı qüvvələri kimi çıxış edir və bu səfər də bu rolu daha da gücləndirəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, Özbəkistandakı islahatların uğurla icra olunması Azərbaycan üçün həm dost ölkənin nailiyyəti, həm də ortaq inkişafın təməl daşıdır. Bu baxımdan, Bakıda keçirilən görüşlər yalnız diplomatik prosedur deyil, həm də qardaş xalqların gələcək rifahına atılan əmin addımdır.
Ələkbər Novruzov,
Xəzər rayonunun gənc fəalı