AnalitikaGündəmSiyasət

Azərbaycan və Macarıstan – türk qardaşlığı

21 may 2025-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü baş tutdu. Zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı aktual məslələrə toxunmaqla yanaşı qardaş ölkələrin yüksək səviyyədə qarşılanmasından doğan məmnuniyyət hissini də  səmimi şəkildə dilə gətirdi. Bu, İlham Əliyevin Macarıstana sayca 6-cı səfəri idi. Macarıstanın Baş naziri cənab Viktor Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Səfərlərin sıxlığı iki dövlət arasında davamlı əməkdaşlığın və möhkəm dostluğun bariz nümunəsi kimi qiymətləndirilə bilər. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. İlham Əliyev Macarıstanın son illərdə bir dövlət olaraq əldə etdiyi bütün uğurlarını Baş nazir Viktor Orbanının gərgin əməyinin və uzaqgörən siyasətinin nəticəsi kimi dəyərləndirdi və buna görə onu təbrik etdi.

Bundan əvvəl Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü Budapeştdə təşkil edildi. Qırğızıstanın prezidenti Sadır Japarov hazırda təşkilata uğurlu şəkildə sədrlik edir. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. İlham Əliyev görüş zamanı Türk Dövlətləri Təşkilatının Dövlət başçılarını Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət etdi. Davamlı şəkildə təşkil edilən görüşlərin nəticəsi olaraq nəinki siyasi arenada, eyni zamanda iqtisadi sahədə də hərtərəfli və dayanıqlı əməkdaşlıq formalaşmış, müxtəlif infrastruktur layihələrinə imza atılmış, bu layihələrin reallaşdırılması üçün qarşılıqlı investisiya qoyuluşu baş tutmuş və icrasına start verilmişdir. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.

Türk dövlətləri ilə nəqliyyat sahəsində də əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Azərbaycan Respublikası qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurulmuşdur. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. İlham Əliyev qeyd etdi ki, Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verilir. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.

Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir. 

Təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Zirvə görüşü zamanı İlham Əliyev vurğuladı ki, COP29-a hazırlıq üçün Azərbaycan Respublikasının cəmi 11 ay vaxtı olmasına baxmayaraq, dövlətimiz COP29-u yüksək səviyyədə təşkil etməyə nail oldu. Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi. COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Budapeşt Zirvə görüşündə münasibətlərin qarşılıqlı inkişafını daha sürətləndirmək məqsədilə Bəyannamə də imzalandı. Türk dövlətləri arasında anlayış, razılıq və dəstək mövcud olduqca bu qardaşlıq və dostluq sarsılmazdır.

Ağayeva Tənzilə
Xəzər rayonu, Z. Ağayev adına 241 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button