AnalitikaGündəmSiyasət

Azərbaycan və İran arasında qonşuluq münasibətləri qarşılıqlı maraqlara əsaslanır

Prezident İlham Əliyevin son illərdəki xarici siyasəti dəfələrlə sübut etmişdir ki, o, istənilən görüşdə, müsahibədə, qəbulda nə danışırsa, bütün fikirləri səmimidir, dediyi sözlərin hamısının üstündə durur, imzasına hörmətlə yanaşır, dost və tərəfdaşlarına yüksək səviyyədə sədaqətlidir. Dostluq təkcə insanlar arasında məhdudlaşmır,həmçinin dövlətlər arasındada özünü büruzə verir. Məsələn İran və Azərbaycan dostluğu. Bu dostluğu bura nümunə çəkməyimiz çox uyğundur. Çünki İran Azərbaycanın çətin vəziyyətində Türkiyə kimi ona dəstək verən qardaş dövlətlərdən biri olub. Dostluğun kökündə hörmət, dəstək, əməkdaşlıq dayanır.

İran və Azərbaycan xalqları İslam aləminə mənsub olan xalqlardır və əsrlər boyu bərabər yaşayıblar. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. Hələ 1920-ci il martın 20-də İran-Azərbaycan “Dostluq müqaviləsi” iki ölkə arasında imzalanmış sənədlərin dönüş nöqtəsi olmuşdur. İran Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra – 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb. Müasir dövrdə iki müstəqil dövlət arasındakı əməkdaşlıq əlaqələrinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib ki, bu da münasibətləri normallaşdırıb və inkişaf etdirib. Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Bu gün Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban qonşulardır.

Bildiyimiz kimi, aprelin 28-də İran İslam Respublikasının prezidenti Məsud  Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib. Demək olar ki, bütün dünya mediası səfərə böyük yer verib, səfərin əhəmiyyətinə xüsusi diqqət yetirib. Pezeşkianın Bakıya səfəri zamanı Azərbaycan və İran hökumətləri arasında 7 anlaşma memorandumunun imzalandığı vurğulanıb. Həmçinin Pezeşkianın Qarabağın Azərbaycan torpağı olması ilə bağlı açıqlamasına geniş yer verilib. İran prezidenti Şəhidlər Xiyabanı, Fəxri Xiyabanı,ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.İran prezidenti öz çıxışında ölkə başcısı cənab İlham Əliyevin apardığı düzgün siyasəti nəticəsində Azərbaycanın bütün dünyada güclü bir dövlət kimi tanınmasını xüsusi qeyd edib. Bundan başqa,Pezeşkian Bakı səfərində Prezident İlham Əliyevin İranla əməkdaşlığın inkişafında maraqlı olması ilə bağlı açıqlamalarla çıxış edib.

Bu gün də iki dost ölkə istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı bir çox ortaq baxışlara malikdirlər. Bu, çox önəmli bir amildir. Çünki bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan münasibətləri həlledici amillərdən biri kimi çıxış edə bilər. Məhz bu münasibətlərin səmimi dostluq üzərində formalaşması sayəsində İran və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər və bundan sonra da bu dəstəyi göstərməkdə qərarlıdırlar.

Birmənalı olaraq demək olar ki, İran-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri də çox müsbətdir və genişdir. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır və heç bir kənar qüvvə bu münasibətləri poza bilməz.

İsgəndərova Elnarə,
Xəzər rayonu, Ə. Əliyev adına 125 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button