AnalitikaGündəmSiyasət

Azərbaycan və Çin arasında enerji və iqtisadi əməkdaşlıq olub

2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Çinin nüfuzlu CGTN (China Global Television Network) telekanalına geniş müsahibə verib. Bu müsahibə yalnız iki ölkə arasındakı münasibətlər baxımından deyil, eyni zamanda Azərbaycanın beynəlxalq siyasətdəki yeri, post-münaqişə dövrü strategiyası və dayanıqlı inkişaf istiqamətindəki planları baxımından da mühüm əhəmiyyət daşıyır. Prezident Cənab İlham Əliyev müsahibəsində Azərbaycanın son illərdə əldə etdiyi ən böyük nailiyyətin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olduğunu vurğulayıb. Bu bərpa, beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasi və hərbi strategiyanın nəticəsidir.

Dövlət başçısı bildirmişdir ki, Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 30 illik işğala son qoyub və suverenliyini tam təmin edib. O, həmçinin beynəlxalq təşkilatların bu prosesdəki zəif və passiv mövqeyini də tənqid etmiş, Azərbaycanın öz gücünə arxalanaraq bu məqsədə çatdığını qeyd etmişdir. Azərbaycanın getdikcə daha çox öz daxili və xarici siyasətini milli maraqlar üzərində qurduğunu və beynəlxalq aləmdə öz sözünü deməyə qadir bir aktora çevrildiyini göstərir.  Prezident Cənab İlham Əliyev müsahibədə diqqət çəkdiyi əsas məsələlərdən biri də Azərbaycan və Çin arasında enerji və iqtisadi əməkdaşlıq olub. Xüsusilə bərpa olunan enerji sahəsində Çin şirkətləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Prezident qeyd edib ki, Azərbaycan 2027-ci ilə qədər 2 QVt, 2030-cu ilə qədər isə 6 QVt gücündə bərpa olunan enerji istehsalını planlaşdırır. Bu məqsədlə Çin istehsalı olan günəş panelləri və batareyalar artıq layihələrdə istifadə olunur. Bu əməkdaşlıq həm Azərbaycanın yaşıl enerji keçidinə verdiyi əhəmiyyəti, həm də Çinlə texnoloji tərəfdaşlığın strateji xarakter daşıdığını göstərir. Bu kontekstdə “Made in China” texnologiyalarının dünya bazarında qiymət və keyfiyyət balansı baxımından üstünlüyü xüsusi vurğulanıb. Prezident Cənab İlham Əliyev Çinin irəli sürdüyü və qlobal iqtisadi inteqrasiyada mühüm rol oynayan “Bir Kəmər, Bir Yol” təşəbbüsünü də yüksək qiymətləndirib. O bildirib ki, bu təşəbbüs yalnız iqtisadi deyil, həm də mədəni və siyasi qarşılıqlı anlaşma üçün mühüm platformadır.

Azərbaycan bu təşəbbüsə fəal dəstək verir və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələr vasitəsilə regionda nəqliyyat və logistika mərkəzinə çevrilmək niyyətindədir. Bu təşəbbüs çərçivəsində Azərbaycanın rolu yalnız tranzit ölkə funksiyası ilə məhdudlaşmır, həm də ölkə regionlararası inteqrasiyanın təşəbbüskarı və qovşağı olaraq çıxış edir. Müsahibədə Prezident Cənab İlham Əliyev liderlik və idarəçilik prinsipləri barədə də öz baxışlarını bölüşüb. O vurğulayıb ki, liderlərin xalqa qarşı ədalətli, dürüst və şəffaf olmaları zəruridir. Onun fikrincə, liderin verdiyi vədləri yerinə yetirməsi, xalqla ünsiyyətə və hesabatlılığa açıq olması ölkədə siyasi sabitliyin və ictimai etimadın əsas şərtidir. Azərbaycanda həyata keçirilən islahatların və idarəçilik sisteminin əsas fəlsəfəsinin göstəricisidir – xalqla birgə və xalq üçün idarəetmə.

Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button