
Dövlətlərarası münasibətlərin davamlı inkişafı üçün siyasi iradə ilə yanaşı, aydın hüquqi və institusional əsasların mövcudluğu da vacibdir. İkitərəfli sənədlər tərəflərin ortaq prinsiplərini, əməkdaşlıq istiqamətlərini və gələcək fəaliyyət çərçivəsini müəyyənləşdirir. Azərbaycan xarici siyasətində hüquqi əsaslara söykənən tərəfdaşlıqların qurulmasına xüsusi önəm verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq münasibətlərini qarşılıqlı hörmət, suverenlik və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirir. Böyük Britaniya ilə 1994 və 1998-ci illərdə qəbul edilmiş sənədlər ikitərəfli münasibətlərin ilkin hüquqi-siyasi bazasını formalaşdırıb. 2026-cı il Birgə Bəyannaməsi isə bu münasibətlərin strateji səviyyədə inkişafını müəyyən edir.
Yeni sənəddə tərəflərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyi bir daha təsdiqlənir. Suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət sənədin siyasi-hüquqi məzmununun mühüm elementləridir. Bu müddəalar dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın qorunmasına xidmət edir.
Birgə Bəyannamənin müdafiə, iqtisadiyyat, investisiya, təhsil və innovasiya sahələrini əhatə etməsi hüquqi çərçivənin genişliyini göstərir. Eyni zamanda sənəddə əməkdaşlığın tərəflərin müvafiq qanunvericiliyinə və mövcud resurslarına uyğun həyata keçirilməsi nəzərdə tutulur. Bu yanaşma öhdəliklərin hüquqi və praktiki əsaslarını müəyyənləşdirir.
Azərbaycan–Böyük Britaniya münasibətlərinin yeni hüquqi çərçivəsi ikitərəfli əlaqələrin daha sistemli inkişafına imkan yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatik siyasət bu cür sənədlər vasitəsilə ölkəmizin beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir. Əsas məqsəd razılaşdırılmış prinsipləri davamlı və qarşılıqlı faydalı əməkdaşlığa çevirməkdir.
Lətifə Əlizadə,
YAP Nizami rayon təşkilatının fəalı



