
“21 may 2025-ci ildə Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü regional və qlobal əhəmiyyət daşıyan siyasi və iqtisadi proseslər fonunda Azərbaycan üçün mühüm diplomatik platforma oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu zirvə toplantısında çıxışı ilə bir sıra fundamental məsələlərə toxundu, Türk dünyasının gələcəyinə dair strateji mesajlar verdi və Azərbaycanın bu birliyin möhkəmlənməsində oynadığı əsas rolu bir daha nümayiş etdirdi”.
Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, 2023-cü ildə Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq Budapeşt görüşü Azərbaycanın təşkilat daxilindəki təşəbbüskar və birləşdirici mövqeyini təsdiqlədi. Azərbaycan tərəfindən təşkilata 20 milyard dollardan artıq sərmayənin qoyulması isə ölkənin Türk dünyası qarşısında məsuliyyətli və yönverici mövqeyini bir daha sübut edir. Azərbaycanın nəqliyyat-logistika infrastrukturu sahəsində apardığı islahatlar və yatırımlar sayəsində ölkəmizin coğrafi baxımdan dənizə birbaşa çıxışı olmasa da, Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevrilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi, Xəzər dənizində 50-dən çox ticarət gəmisinin fəaliyyəti, Ələt Beynəlxalq Dəniz Limanının genişləndirilməsi və 9 beynəlxalq hava limanının fəaliyyəti Azərbaycanın logistik gücünü regionda bənzərsiz edir. Orta Dəhlizin rəqəmsallaşdırılması layihələri isə bu sahədə inteqrasiya səviyyəsini daha da artıracaq.
Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış yaşıl enerji üzrə strateji tərəfdaşlıq sazişi regionun enerji xəritəsini yenidən formalaşdırmaq gücünə malikdir. Bu saziş,Xəzər-Qara dəniz marşrutu vasitəsilə yaşıl enerjinin dünya bazarlarına çıxarılması üçün yeni bir səhifə açır.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündı iştirakı və nitq söyləməyi Türk dünyasının gələcək inkişaf istiqamətini müəyyənləşdirmək baxımından əhəmiyyətli idi. Azərbaycan həm nəqliyyat, həm iqlim siyasəti, həm də enerji sahəsində təşəbbüskar mövqeyi ilə Türk Dövlətləri Təşkilatının lokomotivlərindən biri olduğunu bir daha nümayiş etdirdi.