
“Azərbaycan ilə Serbiya arasında münasibətlər qarşılıqlı hörmət və suverenlik prinsipinə əsaslanır. Hər iki dövlət beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü dəstəkləyir ki, bu da strateji etimadın əsas sütunlarından biridir. Onu da əlavə etmək lazımdır ki, Azərbaycan-Serbiya münasibətləri son illərdə təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də daha geniş regional və geosiyasi kontekstdə xüsusi əhəmiyyət qazanıb”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiç arasında formalaşmış birbaşa siyasi dialoq əməkdaşlığın institusional səviyyədən liderlər səviyyəsinə qədər yüksəldiyini göstərir. Bu isə qərarların daha çevik qəbuluna və praktiki layihələrin sürətlənməsinə imkan yaradır: “Azərbaycan Cənubi Qafqazda, Serbiya isə Balkanlarda mühüm geosiyasi mövqeyə malikdir. Bu mənada iki ölkə arasında qurulan körpü Qafqaz-Balkan xəttində yeni əməkdaşlıq imkanları yaradır, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığı genişləndirir, Şərq ilə Qərb arasında alternativ əlaqə kanalları formalaşdırır. Xüsusilə də, enerji sahəsində tərəfdaşlıq Serbiyanın mənbə şaxələndirməsinə, Azərbaycanın isə Avropa istiqamətində mövqelərini gücləndirməsinə xidmət edir. Eyni zamanda, bu münasibətlər daha geniş mənada Avrasiya məkanında balanslaşdırıcı rol oynayır. Belə ki, Azərbaycan öz çoxvektorlu xarici siyasət xəttini Balkanlara qədər genişləndirir, Serbiya isə Avropa strukturları ilə inteqrasiyanı davam etdirərkən müstəqil tərəfdaşlıqlara açıq olduğunu nümayiş etdirir. Ona görə də, iki ölkənin münasibətlərinə geosiyasi prizmadan baxdıqda, orta güclər arasında əməkdaşlıq modelinin güclənməsini, böyük güclər fonunda alternativ diplomatik platformaların yaranmasını və regional sabitliyə töhfə verən praqmatik tərəfdaşlıq nümunəsini görmüş oluruq”.
“Azərbaycan-Serbiya münasibətləri artıq sadəcə ikitərəfli dostluq əlaqələri deyil, bu, Qafqazla Balkanlar arasında strateji bağlantı, Avropa-Asiya xəttində isə sabitləşdirici faktor kimi çıxış edir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, enerji təhlükəsizliyi, siyasi həmrəylik və regional əməkdaşlıq bu tərəfdaşlığı daha da dərinləşdirəcək əsas istiqamətlərdir: “Hər iki ölkənin əsas məqsədi həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələri daha da gücləndirmək, beynəlxalq platformalarda bundan sonra da bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq çox güclü bir sinergiya yaratmaqdır. Bununla yanaşı Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır”.


