Azərbaycan Qalib dövlət strategiyasına əsaslanaraq gələcək perspektivlər azərbaycanlılara vahid və bütöv xalq kimi mənəvi keyfiyyətləri aşılayır
Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri, oraya köçürülmüş əhali ilə görüşü müntəzəm xarakter alıb. Prezident İlham Əliyevin Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü və orada etdiyi çıxış bu xüsusda da əhəmiyyətli paya sahibdir. Bu baxımdan Azərbaycan Prezidentinin Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında diqqət çəkən məqamlara nəzər salaq: Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqının böyüklüyü, Vətənə bağlılığı, yurd sevgisi, Füzulini görməyən gənclərin də valideynlərinin doğulub boya-başa çatdı yerlərə gəlməsi bu görüşdə də bir daha vurğulandı və dünyaya çatdırıldı. Əslində qeyd olunan ifadələr təkcə bu gün üçün nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Qalib dövlət strategiyasına əsaslanaraq gələcək perspektivlər üçün həm ölkə daxilində yaşayan, həm də dünyanın müxtəlif yerlərində olan azərbaycanlılara vahid və bütöv xalq kimi mənəvi keyfiyyətləri aşılayır. Bu da o anlama gəlir ki, azərbaycançılıq daha böyük anlayış kimi gələcək nəsillərə çatdırılır və bu istiqamətdə planlı işlər aparılır. Sürətli şəkildə dəyişən və qloballaşan dünyanda 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarını unutmayan, bir gün onun azad olunacağına inanan azərbaycanlılar bu yöndə özünəməxsus davranışlar sərgiləyərək bütün xalqlara, dövlətlərə bir nümunə oldular. İkinci Qarabağ müharibəsində torpaqlarını canları, qanları bahasına azad edən Azərbaycan xalqı Vətən sevgisinin zamanla, məkanla ölçülmədiyini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev füzulililərlə və digər rayonlardan olan keçmiş məcburi köçkünlərlə çoxsaylı görüşlərində hər zaman onlara deyirdi ki, torpaqlarımız işğaldan azad olunacaq və siz öz yurdlarınıza qayıdacaqsınız. Bəli, dövlətimizin başçısının öz vətəndaşlarına dediyi sözlər artıq reallaşıb. Bu da Azərbaycan Prezidentinin istər ölkə daxilində, istərsə də dünya miqyasında sözünə olan inamı daha da artırdı. Otuz ilə yaxın işğal dövründə Azərbaycan ərazilərini yerlə-yeksan edən ermənilərin bu cinayətlərini dünya ictimaiyyəti görməzdən gəldi. Əlbəttə, bunun obyektiv və subyektiv səbəbləri olsa da, ən diqqət etməli məsələ ermənilərin işğal etdiyi ərazilərə faktaraşdırıcı missiyaları buraxmaması, gələnlərin də onların maraqlarına xidmət edən nümayəndələr olması idi. Çünki işğal olunan ərazilərimizə gələn hər kəs öz gözləri ilə ermənilərin necə vəhşi, barbar, vandal olduqlarını görəcəkdilər. 2020-ci ildə torpaqlarını işğaldan azad edən Azərbaycan dövləti üç ilə yaxın müddətdə ərazilərin minalarla çirklənməsinə baxmayaraq, ermənilərin 30 ildə dağıtdığı infrastrukturu bərpa edir, hətta Zəngilana, Füzuliyə, Laçına, Talışa keçmiş məcburi köçkünləri köçürüb. Bu, Azərbaycanın dünyada yaratdığı nümunələrdən sadəcə biridir. Tarix gələcəyə baxmaq, bütün ehtimalları yenidən gözdən keçirmək üçün bir vasitədir. Hər bir azərbaycanlı da Prezident İlham Əliyevin dediyi kimi ermənilərin başımıza gətirdiyi faciələri unutmamalıdır. Biz xalq olaraq nə qədər humanist, sülh tərəfdarı olsaq da, vaxtilə ermənilərə yardım etsək də, onlar öz xislətlərini göstərdilər və azərbaycanlılara əsrin faciəsini yaşatdılar desək yanılmarıq. Təkcə 4 minə yaxın vətəndaşımızın itkin olmasını və Ermənistan dövlətinin bu barədə məlumat verməkdən boyun qaçırmasını misal çəkmək olar ki, qarşı tərəf nə qədər qəddar bir toplumdur. Bu baxımdan da hər bir Azərbaycan vətəndaşı öz övladına, gələcək nəsillərə xalqımızın başına gətirilən faciələrin əsl səbəbkarlarını tanıdmalıdır və illər keçə də, hər birimiz bu həqiqətin unudulmaması üçün çalışmalıyıq ki, tarix yenidən təkrarlanmasın.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı