Bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, bölünməzliyinin rəmzidir. Ulu öndər Heydər Əliyevin müdrikliyi, qətiyyəti, cəsarəti hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilib və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb. Ulu öndər deyib ki, gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin: “Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”
Fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlətimiz inkişaf edib gücləndi. Ulu Öndərin 1998-ci il martın 13-də “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı mühüm əhəmiyyət kəsb etdi. “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək, hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, – deyən Ulu Öndər öz tövsiyələrində insanlara bayraq sevgisi aşılayırdı.
Ümumilli liderimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Andiçmə mərasimlərində Dövlət bayrağına ehtiramını ifadə edən Prezident İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə yüksək sədaqət nümayiş etdirir. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında” imzaladığı sərəncam dövlətçilik tariximizdə mühüm bir hadisədir. Eyni zamanda dövlət başçısının 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanda Dövlət Bayrağı Günü” təsis edildi. Hər il bu günün təntənəli şəkildə qeyd olunması keçmişimizə, milli dəyərlərimizə yüksək ehtiramın təzahürüdür. Bu tarixi addımların atılmasında əsas məqsəd ölkə vətəndaşlarının həmrəyliyini, vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyini təmin etməkdir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində də belə addımların dəyəri böyükdür.
Bu gün hündürlükdə dalğalanan üçrəngli bayrağımız möhtəşəmliyi ilə görənləri heyran edir. Dünyanın hər yerindən ölkəmizə gələn qonaqlar dövlətimizə yüksək hörmət və ehtiram əlaməti olaraq Bayraq Meydanını ziyarət edirlər. Təqdirəlayiq faktdır ki, “Ginnes” dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Azərbaycanın üçrəngli Dövlət bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlərlə yanaşı, kütləvi-mədəni tədbirlərdə, idman yarışlarında qaldırılaraq birliyi, həmrəyliyi təcəssüm etdirir. İdmançılarımızın müxtəlif ölkələrdə hər qələbəsi şərəfinə ucaldılan bayraq hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissi doğurur.
Hər bir vətəndaş dövlət rəmzlərimizin məna, mahiyyət və əzəmətini dərindən dərk etməklə milli-mənəvi dəyərlərin, istiqlalın qədrini daha yaxşı bilir. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılmışdır. 1920-ci il aprelin 27-nə – Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.
1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
2007-ci ilin 17 noyabrında ölkə Prezidenti cənab İlham Əliyev respublikamızın paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam vermişdir. Həmin sərəncama uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmiş, 01 sentyabr 2010-cu il tarixdə Bakıda Dövlət Bayrağı meydanının təntətənli açılışı olmuşdur. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının qəbul edildiyi 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı günü kimi rəsmi bayram statusu almışdır. Hər il bu bayram müstəqil Azərbaycanda böyük təntənə ilə qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Respublika Prezidenti İlham Əliyevin də vurğuladığı kimi: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Bu gün xoşbəxt xalqıq ki, üçrəngli bayrağımız 30 illik həsrətdən sonra doğma sahiblərinə qayıdan Qarabağımızda, işğaldan azad edilən torpaqlarımızda dalğalanmaqdadır. Və biz xalq olaraq buna görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan ordusuna, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq.
Məhərləmova Simuzər,
Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi