
Bu səfərin tarixi əhəmiyyətini və siyasi perspektivini Azərbaycan prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında ifadə etdi. Prezident dedi ki, “Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə – sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik”. Bu səfər son dövrlərədək İran hakimiyyətinin yürütdüyü birmənalı olmayan regional siyasət səbəbindən tərəflər arasında yaranmış bəzi anlaşılmazlıqların aradan qaldırılması istiqamətində çox əhəmiyyətli siyasi addımdır. Prezident İlham Əliyev xalqlarımızın əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşadığını və bu gün dövlətlərarası münasibətlərimizin möhkəm təməl üzərində inkişaf etdiyini vurğulayaraq İran Prezidentinin Azərbaycana rəsmi səfərini əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürü kimi dəyərləndirmişdir. O demişdir: “Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir. Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq”. Tamamilə məntiqlidir ki, İran-ABŞ və İran İsrail münasibətlərində son zamanlar müşahidə olunan yumşalmalar fonunda Prezident Məsud Pezişkianın Azərbaycana səfərinə həm də regionda təhlükəsizliyin təmin olunmasına yeni bir dəstək və əhəmiyyətli addım kimi baxmaq lazımdır. Bildiyiniz kimi, rəsmi Bakı bu münasibətlərin normal məcraya yönəldilməsi üçün Bakının müzakirə platforması kimi öz imkanlarını təqdim etməyə hazırdır. Azərbaycan və İran prezidentləri arasında məhdud və geniş tərkibli görüşdən, Birgə Bəyanatın və iki ölkə arasında bir sıra sahələrə dair sənədlərin imzalanma mərasimindən sonra prezidentlərın mətbuata bəyanatlarında əks olunan müddəalar və tezislər də həm də bu ortaq hədəflərə nail olunmasına hesablanıb. Düşünürəm ki, Azərbaycan-İran münasibətlərini müxtəlif rakurslardan təhlil etdikdə bu əlaqələrin bütövlükdə Cənubi Qafqaz və Xəzəryanı bölgələr üçün necə böyük əhəmiyyət daşıdığına əmin olarıq. Cənab İlham Əliyev vurğulayıb ki, biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Dövlətimizin başçısı Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi barədə qərara münasibət bildirərək bunu iki xalq arasında yüksək səviyyəli qonşuluq və mədəni əlaqələrin nümunəsi kimi qiymətləndirib. “Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam”, – söyləyən Pezeşkianın tezliklə yenidən Azərbaycana səfər edəcəyi barədə anonsu isə münasibətlərin inkişafı istiqamətində rəsmi Tehranın pozitiv siyasi kursunun və mövqeyinin göstəricisi olaraq İran-Azərbaycan dövlətlərarası münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun – bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq”. Azərbaycan və İran prezidentlərinin 2025-ci il aprelin 28-də Bakıda görüşü zamanı iki ölkə arasında tarixi bağların və əməkdaşlığın önəmi haqqında danışıldı. Bu səfər Azərbaycan-İran münasibətlərinin perspektivi ilə bağlı xoş əhvali-ruhiyyə bəxş etməklə bərabər, həm də belə bir inam yaradır ki, ölkələrimiz arasındakı tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr bundan sonra daha da inkişaf edəcək, müasir mərhələdə qonşu, dost və qardaş münasibətlərin nümunəsinə çevriləcək İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki qonşu ölkə arasında gələcək əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəyinə əminlik yaradır.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi