Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir
Regiondakı siyasi gərginliyə, münaqişələrə və təzyiqlərə baxmayaraq, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasətini uğurla həyata keçirir, müəllifi olduğu strateji layihə və təşəbbüsləri ardıcıl şəkildə reallaşdırır. Azərbaycanda bərpaolunan enerjinin, xüsusən də dənizdə külək enerjisinin istifadə edilməmiş potensialı yaxşı məlum olan faktdır. Buna görə Azərbaycan Avropa İttifaqına bərpaolunan enerji və hidrogenin ixracatçısına çevrilmək potensialına malikdir.
Azərbaycanın qitədə enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Məhz elə buna görədir ki, dünyanın hətta ən qüdrətli dövlətləri belə enerji sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan, sözün əsl mənasında, qürur hissi keçirdiklərini də açıqlayırlar.
Azərbaycan Prezidenti İlham Əliyev Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 1-ci iclaslarının açılışında söylədiyi konseptual xarakaterli çıxışı ilə dünyanın enerji mənzərəsini, rəhbəri olduğu ölkənin yerini və rolunu dəqiqliklə izah etdi. Xarici nümayəndələr də açıqlamalarında məhz Azərbaycanı xilaskar kimi gördüklərini əsaslandıran fikrilər səsləndirdilər. Cənab Prezident İlham Əliyev qeyd edib ki ,“Qazın paylanması ilə əlaqədar yaxşı uğurlarımız var. Biz yaşıl enerji ilə bağlı saziş imzalamışıq. Biz, həmçinin təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmalı və bunu vahid paket çərçivəsində etməliyik. Bizim güclü siyasi iradəmiz və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur.”
Bu prosesi dəyərləndirən İlham Əliyev deyir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Çünki Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkməklə yeni rekordlara imza atıb.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı