Analitika

Azərbaycan-Litva əməkdaşlığının dərinləşməsi münasibətlərin strateji xarakter almasına müsbət təsir göstərəcək

Latviya Azərbaycanın müstəqillikdən əvvəl də əlaqələrinin olduğu az sayda Avropa ölkələrindən biridir. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanla Latviya keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olublar. İki ölkə arasında iqtisadi, mədəni əlaqələrin əsası da məhz həmin dövrdə qoyulub. Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra isə Latviya ilə əlaqələrin siyasi müstəvidə də qurulması və inkişaf etdirilməsi üçün imkanlar yaranıb. İlk növbədə, qeyd edək ki, Azərbaycan Latviyanı müstəqil dövlət kimi 1991-ci il avqustun 30-da, Latviya isə respublikamızın müstəqilliyini 1992-ci il yanvarın 8-də tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə bundan iki il sonra yaradılıb. 2005-ci ildə Azərbaycan Respublikasının bu ölkədə, 2006-cı ildə isə Latviya Respublikasının ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb. Onu da xüsusi olaraq qeyd edək ki, Baltikyanı ölkələr içərisində Azərbaycan Respublikasının səfirliyi ilk olaraq məhz Latviyada açılıb. Azərbaycanla Latviya arasında qarşılıqlı səfərlər, dövlət başçıları səviyyəsində keçirilən rəsmi və işgüzar görüşlər münasibətlərin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Latviya ilə münasibətlərin möhkəmlənməsinə böyük önəm verən Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti bu istiqamətdə çox uğurlu olub. Belə ki, iki ölkə arasında dövlət başçıları səviyyəsində ilk görüş 1997-ci il iyul ayının 8-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı baş tutub. Ümummilli liderimiz Heydər Əliyevlə Latviyanın o zamankı prezidenti G.Ulmanis arasında keçirilən görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Azərbaycanın və Latviyanın dövlət başçıları arasında növbəti görüş 1999-cu il sentyabrın 10-da Yaltada “Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz” mövzusunda keçirilən beynəlxalq toplantıda gerçəkləşib. Ulu öndər Heydər Əliyevlə həmin vaxt Latviyanın yeni seçilmiş prezidenti V.Vike Frayberqa arasında keçirlən görüşdə iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsi və mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb. Latviyadan Azərbaycana ilk rəsmi səfəri isə 2001-ci il 9-12 iyul tarixlərində bu ölkənin xarici işlər naziri İndulis Berzinş gerçəkləşdirib. Latviya rəsmisini qəbul edən Ümummilli lider Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv olmasının Latviyanın şuraya sədrliyi dövrünə təsadüf etdiyini deyərək bu məsələdə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib: “Azərbaycanın Avropa Şurasına qəbul olması prosesində bizi həmişə dəstəklədiyinizə görə sizə və Latviya hökumətinə bir daha təşəkkür etmək istəyirəm”. Eyni zamanda, işgüzar xarakter daşıyan həmin görüşdə iki ölkənin xarici işlər nazirləri tərəfindən əməkdaşlıq haqqında və avtomobil daşımaları barədə müqavilə imzalanıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə Latviya-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycanın siyasi-strateji əhəmiyyətinə böyük önəm verən Latviyanın rəsmi dairələri son illərdə ölkəmizə səfərlərini intensivləşdirib. Məsələn, Azərbaycanla əlaqələrə göstərilən marağın təsdiqi olaraq 2004-cü ilin martında bu ölkənin dövlət katibinin müavini Andris Teykmanisin, həmin ilin iyulunda isə dövlət katibi Edqars Rinkeviçusun respublikamıza səfərini qeyd etmək olar. Latviya prezidentlərinin ölkəmizə səfərləri 2005-ci və 2009-cu illərdə baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya sonuncu rəsmi səfəri isə bu ilin yanvarında gerçəkləşib. İki ölkənin yüksək rəsmi şəxsləri arasında qarşılıqlı səfərlər əsasında keçirilən çoxsaylı görüşlər və əldə olunan razılaşmalar Azərbaycan-Latviya əlaqələrinin yüksək inkişaf dinamikasından xəbər verir. Latviyanın respublikamızla müxtəlif sahələrdə əməkdaşlığa böyük maraq göstərməsi heç də təsadüfi xarakter daşımır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Latviyanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Öz növbəsində Avroatlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan da Latviya ilə əməkdaşlıqda maraqlıdır. Qarşılıqlı ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir. O cümlədən cənab Prezident İlham Əliyevin may ayının 21-22-də Litvaya rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Təsadüfi deyil ki, dövlətimizin başçısı Vilnüsdə mətbuata bəyanatla etdiyi çıxışında bir daha vurğuladı ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button