AnalitikaGündəm

Azərbaycan iqtisadi inkişaf templəri ilə bir çox inkişaf etmiş ölkələri üstələyir

“Avrasiya geosiyasi məkanında hərbi qarşıdurmaların genişlənməsi, böyük coğrafiyada müharibələrin baş verməsi qlobal sosial-iqtisadi proseslərə mənfi təsir göstərməkdədir. Hətta, Şərqi Avropada və Yaxın Şərqdə aktiv münaqişə ocaqlarının mövcudluğu ticarət əlaqələrinə də sarsıdıcı zərbələr vurmaqdadır. Lakin belə bir zamanda Azərbaycanda ictimai-siyasi, eləcə də sosial-iqtisadi sabitliyin qorunub saxlanması, xüsusilə də qlobal xaotik atmosferdə inkişafa nail olunması böyük uğur hesab edilməkdədir”.

Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir: “Belə ki, cari ilin 8 ayı ərzində ölkə iqtisadiyyatı dörd faizdən çox artıb, qeyri-neft sektorunda isə artım yeddi faiz olub. Xüsusilə də qeyd edilməlidir ki, bu gün dünyada bir çox böyük ölkələrin xarici borclarının ümumi daxili məhsulunun 100 faizinə bərabər olduğu bir şəraitdə Azərbaycanın xarici borcu ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faiz təşkil edir. Həmçinin, inflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olub. Bir sözlə, bu il üçün Azərbaycanın iqtisadi və sosial göstəricilərini təhlil etdikdə bir daha aydın olur ki, ölkəmizin iqtisadi inkişaf templəri bir çox inkişaf etmiş ölkələrdəki müvafiq vəziyyəti üstələyir”.

“İqtisadiyyat sahəsindəki irəliləyişlər hökumətin sosial sahədəki addımlarının atılmasını da labüd edir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq: “Bir sözlə, bu gün Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Azərbaycan dünyanın az saylı ölkələrindəndir ki, öz resurslarına arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurub. Bu səbəbdən də hökumətin bundan sonrakı əsas hədəfi iqtisadiyyatı daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir”.

Oxşar Xəbərlər

Back to top button