Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına xüsusi əhəmiyyət verir
Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə də önəm verilir. Oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsinin qərara alınması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir. İƏT-in növbəti iclasının Şuşa şəhərində keçirilməsi ilə bağlı onu da qeyd edek ki, bu il oktyabrın 4-5-də İranın Ərdəbil şəhərində İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 5-ci iclasında səsvermə nəticəsində Şuşa şəhəri təşkilatın 2026-ci il üçün turizm paytaxtı seçilib. Azərbaycan İƏT-ə 1992-ci ildə üzv olub. Təşkilatın 9-cu və 12-ci zirvə toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda reallaşıb, Bakı bəyannamələri qəbul edilib. Bu il yanvarın 24-də isə Özbəkistanın Daşkənd şəhərində İƏT-in Nazirlər Şurasının 26-cı iclası keçirilib. Toplantıda quruma sədrlik Azərbaycana keçib. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İqtisadi Əməkdaşlıq Təşkilatı regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlər Şurasının görüşü Azərbaycanın bütün ərazisi üzərində öz suverenliyini tam bərpa etdiyi bir vaxtda keçirilir. Cari ilin oktyabrın 10-da keçirilən tədbir zamanı ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq müəyyən edildiyi, Azərbaycanın milli və beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümüdür. Ölkə başçısı müraciəti zamanı bu mövzuya toxunaraq vurğulamışdır: “Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir”. İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrimizin və bütövlükdə regionumuzun inkişafı və rifahına xidmət edən yararlı platformadır. Təşkilatın Şuşada baş tutmuş Nazirlər Şurasının 27-ci iclasında həyata keçirilmiş müzakirələr region ölkələrinin iqtisadi imkanlarını daha da əlaqələndirmək baxımından əhəmiyyətli olacaqdır.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi