
Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətləri son illərdə yeni mərhələyə qədəm qoyub. 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri bu münasibətlərin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Prezident İlham Əliyev ilə Şavkat Mirziyoyev arasında keçirilən təkbətək və geniş tərkibdə görüşlər zamanı imzalanan sənədlər və verilən bəyanatlar iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrin əyani sübutudur.
Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycan və Özbəkistanın ortaq tarix, mədəniyyət və dini dəyərlərlə bir-birinə bağlı olduğunu xüsusi vurğuladı. O qeyd etdi ki, iki ölkə arasında münasibətlər sadəcə dostluq deyil, eyni zamanda qardaşlıq münasibətləridir. Prezident Əliyev həmçinin bildirdi ki, bu səfər zamanı imzalanmış sənədlər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə – iqtisadiyyat, energetika, nəqliyyat, kənd təsərrüfatı, sənaye, yüksək texnologiyalar sahələrində daha da dərinləşməsinə xidmət edəcək.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də öz çıxışında Azərbaycanla münasibətlərin strateji xarakter daşıdığını, ölkəsinin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğuladı. Şavkat Mirziyoyev qeyd etdi ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar və regionda formalaşdırdığı nüfuz Özbəkistan üçün örnək təşkil edir.
Prezident İlham Əliyev həmçinin, Özbəkistanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa işlərinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi. Xüsusilə Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilmiş məktəb binası iki ölkə arasındakı humanitar əlaqələrin və bir-birinə olan dərin hörmətin simvolu kimi qiymətləndirildi.
Bəyanatda regional və beynəlxalq məsələlərə də toxunuldu. Prezidentlər Mərkəzi Asiya və Cənubi Qafqazda sabitlik, sülh və inkişafın vacibliyini vurğuladılar. Onlar nəqliyyat-logistika sahəsində birgə layihələrin əhəmiyyətini qeyd edərək, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə olunmasının vacibliyini önə çəkdilər.
İki liderin bəyanatları bir daha sübut etdi ki, Azərbaycan və Özbəkistan arasında əlaqələr yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi, mədəni və humanitar sahələrdə dərinləşməkdədir. Bu səfər və nəticələri regionun inkişafına və türkdilli dövlətlərin birliyinə yeni töhfələr verəcəkdir.
Aida Əliyeva
YAP Xəzər rayon təşkilatının məsləhətçisi