
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə enerji siyasətində mühüm nailiyyətlərə imza atmış və qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi öz mövqeyini daha da gücləndirmişdir. Son illər ərzində Azərbaycanın həm ənənəvi enerji mənbələri, həm də alternativ enerji sahəsində atdığı addımlar, ölkənin enerji ixracatçısı kimi nüfuzunu artırmaqla yanaşı, Avropanın və regionun enerji təhlükəsizliyində mühüm rol oynamasına səbəb olmuşdur.
Prezident İlham Əliyev enerji sahəsində uzaqgörən və strateji siyasət həyata keçirmişdir. Bu siyasətin əsas istiqamətlərindən biri Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihələrinin həyata keçirilməsidir. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Gürcüstan və Türkiyə üzərindən Avropaya nəqlini təmin edərək, bir sıra Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsində əhəmiyyətli rol oynamışdır. Bu, təkcə Azərbaycanın iqtisadi gücünü artırmayıb, eyni zamanda onun geosiyasi mövqeyini də xeyli möhkəmləndirmişdir.
Cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, enerji təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsidir və bu sahədə beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Onun təşəbbüsü ilə Azərbaycan, Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq qurmuşdur. Bu tərəfdaşlıq enerji bazarlarında sabitliyin və təchizatın etibarlılığının təmin olunmasında önəmli rol oynayır.
Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın yaşıl enerji potensialının inkişafına da xüsusi önəm verir. Öz çıxışlarında o, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” kimi formalaşdırılması məqsədilə həyata keçirilən layihələrdən bəhs etmişdir. Günəş və külək enerjisi kimi alternativ enerji növlərinə qoyulan sərmayələr, ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payını artırmağa yönəlmişdir. Bu isə Azərbaycanın təkcə qaz və neftlə deyil, həm də ekoloji baxımdan təmiz enerji ilə beynəlxalq enerji bazarına çıxmaq məqsədini əks etdirir.
Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində Azərbaycan artıq regional enerji layihələrinin təşəbbüskarı və aparıcı icraçısına çevrilmişdir. Bu gün Azərbaycan yalnız enerji resurslarını ixrac edən bir ölkə deyil, həm də enerji təhlükəsizliyinin təminatında mühüm oyunçu kimi çıxış edir. Prezidentin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın rolu getdikcə daha çox ölkə tərəfindən tanınır və yüksək qiymətləndirilir.
Nəticə etibarilə, İlham Əliyev həm enerji diplomatiyasını, həm də texnoloji modernləşmə və innovasiya siyasətini uğurla birləşdirərək Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu möhkəmləndirir və ölkəni qlobal enerji sistemində strateji mərkəzə çevirir.
Sevinc Qəhrəmanova ,
YAP-ın gənc fəalı