
Azərbaycan dili tarix boyu böyük inkişaf yolu keçmiş, lüğət tərkibini daha da zənginləşdirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda 50 milyondan çox insanın ana dili olan Azərbaycan dilinin tətbiqi, onun ləhcə və dialektlərinin öyrənilməsi böyük əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun tədqiq edilməsi milli varlığımızın bütövlüyünü nümayiş etdirir.
Dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən müxtəlif terminoloji və etimoloji lüğətlərin nizamsızlığının aradan qaldırılması ana dilimizin elmi inkişafını təmin edir. “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi yazılışda və tətbiqdə vahid standartın yaradılmasını təmin etmişdir.
Biz fəxr edirik ki, dövlət dilimiz bu gün dünyanın ən gözəl və ahəngdar dillərindən biridir. Ümummilli Liderin dediyi kimi, müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini dəfələrlə vurğulamışlar.
Tamella İbrahimli,
YAP Nizami rayon təşkilatının fəalı



