
Dil hər bir xalqın milli varlığını müəyyən edən, mənəvi dəyərlərini inkişaf etdirən və yaşadan başlıca amillərdəndir. Dil xalqın mənəvi sərvəti olub, onu xalq kimi səciyyələndirən əsas əlamətlərdən biridir. Azərbaycan xalqının milli dili Azərbaycan dilidir. Respublikamızın 9 milyonluq əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili olan Azərbaycan dili, həmçinin, Cənubi Azərbaycanda, Rusiyada, ABŞ–da, Türkiyədə, Qərbi Avropada və dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların ana dilidir. Azərbaycan dili geneoloji cəhətdən türk dilləri ailəsinin oğuz dilləri qrupuna aiddir. Buraya Azərbaycan dili ilə birlikdə onunla eyni kökdən olan türk, türkmən, qaqauz dilləri də daxildir. Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu dil özünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca rəmzlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır. Bunu ölkə Prezidentinin 23 may 2012-ci ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” adlı sərəncam və bununla bağlı 9 aprel 2013-cü ildə qəbul edilmiş “Dövlət proqramı” sübut edir. Müstəqil dövlətimizin atributlarından biri sayılan ana dilimiz bu gün bütün sahələrdə – mətbuatda, rəsmi sənədlərin hazırlanmasında, dəftərxana işlərində və s. geniş tətbiq olunur.
Qədim tarixə və yüksək mənəvi dəyərlərə sahib Azərbaycan xalqı kimi Azərbaycan ədəbi dili də tarix boyu müxtəlif inkişaf yollarından keçmiş, təkmilləşmişdir. Hazırda istifadə etdiyimiz ədəbi dil ümumxalq danışıq dilinin əsasında formalaşıb inkişaf etmişdir. Deməli, Azərbaycan ədəbi dili ümumxalq danışıq dilinin cilalanmış və normalaşdırılmış formasıdır. Ədəbi dilin inkişafını yeni dövr və əski dövr olmaqla iki yerə ayırmaq olar. Əski dövr də öz növbəsində iki mərhələyə bölünür:
Ədəbi dilin təşəkkül mərhələsi (XIII – XIV əsr) 2.Klassik şeir dili mərhələsi (XV – XVII əsrlər)
Azərbaycan ədəbi dilinin yeni dövrü isə üç mərhələni əhatə edir:
Ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr). Bu dövrdə M.P.Vaqif yaradıcılığı ilə ədəbi dil yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Böyük Azərbaycan şairi M.P.Vaqif dilin xəlqiliyini üstün tutaraq dilimizdəki ərəb və fars sözlərinə qarşı mübarizə aparmış, öz əsərlərində xalis Azərbaycan sözlərinə daha çox yer vermiş və ədəbi dilin xalq dilinə daha da yaxınlaşmasına nail olmuşdur.
Milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsi (XIX əsr – XX əsrin əvvəli) Bu dövrdə Azərbaycan dili artıq böyük inkişaf mərhələsinə qədəm qoyurdu; məs: əgər əski dövrdə əsasən ana dilində şeirlər (qəzəllər, qəsidələr və s.) yazılırdısa, artıq yeni dövrdə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılmağa, qəzet və jurnallar (“Əkinçi”, “Kəşkül”, “Şərqi-rus”, “ “Molla Nəsrəddin”, “Füyuzat” və s.) nəşr olunmağa başlayırdı. Bu dövr həmçinin ana dilinin saflığı uğrunda gedən mübarizə ilə də fərqlənir. Bu mübarizədə ziyalılarımız arasında fikir müxtəlifliyi müşahidə olunurdu. Həmin fikir müxtəlifliyi mətbuata da yansıyırdı. (örnək: “Molla Nəsrəddin” jurnalının dili sadə, anlaşıqlı və xalq dilinə yaxın olduğu halda, “Füyuzat” jurnalının məqalələrində bol-bol alınma sözlərdən istifadə edilirdi, bununla belə, xalqa yad idi).
Müasir mərhələ (XX əsrin əvvəlləri və ondan sonrakı dövr).
Tarixin müxtəlif mərhələlərində Azərbaycan dili müxtəlif adlarla (“türk dili”, “türk-tatar dili”, “tatar dili” və s.) adlandırılmışdır. 1919-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyəti dövründən türk dili rəsmi dövlət dili elan olunmuş, Sovet çevrilişindən sonra, 30-cu illərə qədər də bu hal davam etmişdir. SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə, daha doğrusu, Azərbaycanın 1937-ci ildə qəbul edilmiş Konstitusiyasında dillə bağlı bir maddə yox idi. Respublikamız müstəqillik əldə etdikdən sonra 1992-ci ilin 22 dekabrında verilən fərmanla Azərbaycan Respublikasının dili yenidən türk dili adlandırıldı. Ana dilimizin inkişafı və qorunması əsasən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider H.Əliyev dilə münasibətdə hər kəsə örnək olmuş və hələ hakimiyyətə gəldiyi ilk illərdə bir çox ziyalının cəsarət etmədiyi halda müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi.
Ramilə Balayeva,
YAP Xəzər rayon təşkilatının gənc fəalı