AnalitikaGündəmSosial

Azərbaycan dili – milli kimliyimizin əsas sütunu

Azərbaycan dili minilliklər boyu xalqımızın tarixi yaddaşını, mədəni irsini və mənəvi bütövlüyünü qoruyub saxlayan müqəddəs bir varlıqdır. Bu dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqımızın milli mənsubiyyətini, tarixə və gələcəyə bağlılığını ifadə edən strateji dəyərdir. Tarixin bütün mərhələlərində Azərbaycan xalqı ana dilinə yüksək həssaslıqla yanaşmış, onu qorumuş, inkişaf etdirmiş, ədəbi və elmi düşüncənin mərkəzinə çevirmişdir. Ədəbiyyatımızın klassikləri – Nizami, Füzuli, Xətai, Vaqif kimi dahi söz ustadlarının əsərləri Azərbaycan dilinin poetik və fəlsəfi imkanlarını əbədiləşdirmiş, bu dilin həm bədii, həm də elmi gücünü təsdiq etmişdir.

Lakin bu şərəfli yol həmişə asan olmayıb. Xüsusilə sovet dövründə Azərbaycan dili müxtəlif ideoloji və inzibati təzyiqlərlə üzləşib, ikinci plana keçirilməyə çalışılıb. İmperiya siyasəti milli dilləri sıradan çıxarmaq, ümumrusiya kimliyinə tabe etdirmək məqsədi daşıyırdı. Azərbaycan dili də bu təhlükəli prosesin hədəfinə çevrilmişdi – təhsil sistemində, dövlət idarəçiliyində, gündəlik həyatda rus dili əsas yer tuturdu. Bu isə milli kimliyin sistemli şəkildə zəiflədilməsinə xidmət edirdi. Lakin xalqımız bu ideoloji basqılar qarşısında əyilmədi, ana dilini tərk etmədi, onu gündəlik həyatında qoruyaraq, yaşatmağa davam etdi.

Azərbaycan dilinin dövlət statusu alması, bu dilin rəsmi və hüquqi baxımdan qorunması ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində mümkün oldu. 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında ana dilimizin dövlət dili kimi təsbit olunması, məhz onun qətiyyətli mövqeyi sayəsində reallaşdı. Bu, o dövr üçün olduqca cəsarətli və siyasi risklə müşayiət olunan addım idi. Çünki Moskvanın milli dillərə qarşı təzyiqləri güclənmişdi və bir çox ittifaq respublikalarında milli dillər konstitusiyalardan çıxarılırdı. Lakin Heydər Əliyev bu məsələdə prinsipial mövqe tutdu və tarix qarşısında misilsiz xidmət göstərərək Azərbaycan dilini hüquqi müstəviyə çıxardı.

Ümummilli lider ana dilinə yalnız hüquqi deyil, həm də mənəvi baxımdan sahib çıxırdı. Onun rəhbərliyi ilə təkcə dövlət idarəçiliyində deyil, eyni zamanda elm, mədəniyyət və informasiya sahələrində də Azərbaycan dilinin rolu artırıldı. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili kimi “Azərbaycan dili”nin təsbit olunması bu mübarizənin davamı idi. Bu, sadəcə hüquqi sənədə daxil edilmiş bir maddə deyildi – bu, milli varlığımızın, azadlığımızın və suverenliyimizin əsas təminatlarından biri idi.

Ulu öndərin əsasını qoyduğu dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin inkişafı, zənginləşdirilməsi və dünya səviyyəsində tanıdılması üçün mütəmadi tədbirlər həyata keçirilir. Prezidentin təşəbbüsü və dəstəyi ilə dilin dövlət strukturlarında, mediada, təhsildə və beynəlxalq tədbirlərdə istifadəsi prioritet məsələ kimi qoyulur. İlham Əliyevin “Bu gün dünyada 50 milyondan çox insan Azərbaycan dilində danışır” fikri bir tərəfdən milli qürur ifadəsi, digər tərəfdən isə dilimizin qlobal potensialının göstəricisidir.

Azərbaycan dilinin saflığının qorunması, ədəbi dildə norma pozuntularının qarşısının alınması, yeni terminologiyaların milli kontekstdə işlənməsi və tərcümə siyasətinin sistemləşdirilməsi istiqamətində mühüm islahatlar aparılır. Prezidentin imzaladığı fərman və sərəncamlar, o cümlədən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, dilin yalnız hüquqi deyil, həm də mədəni dəyər kimi inkişaf etdirilməsini nəzərdə tutur.

Azərbaycan dili təkcə siyasi və hüquqi çərçivədə deyil, həm də milli birlik, vətənpərvərlik və mübarizə simvolu kimi tarixi rol oynamışdır. 20-ci əsrin sonlarında xalqımız azadlıq uğrunda meydanlara çıxdıqda, bu səslənişlər ana dilimizdə idi. Ana laylasından doğan bu dil, müstəqillik çağırışımızın, qürurumuzun, ruhumuzun səsi oldu. Xalqımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı azad edərkən, bu zəfərin də sədası məhz Azərbaycan dilində dünyaya yayıldı.

Azərbaycan dili bu gün dövlətin atributlarından biri olmaqla yanaşı, həm də milli kimliyimizin qoruyucusudur. Bu dil sayəsində xalqımız keçmişini unutmur, gələcəyini düşünür, ədəbiyyat və mədəniyyətdə yeni nailiyyətlərə imza atır. Ona görə də dilə göstərilən hər bir diqqət əslində millətə, onun tarixinə və gələcəyinə göstərilən diqqətdir.

Azərbaycan dili tarix boyu çətin sınaqlardan keçərək bu günkü inkişaf səviyyəsinə çatıb. Bu dilin qorunması və inkişaf etdirilməsi xalqın milli özünüdərk səviyyəsinin ən yüksək ifadəsidir. Ulu Öndər Heydər Əliyev bu dili hüquqi-siyasi müstəviyə çıxarmaqla milli kimliyimizin təməlini möhkəmləndirdi. Prezident İlham Əliyev isə bu yolu müasir çağırışlara uyğun şəkildə davam etdirir. Azərbaycan dili həm bu günümüzün, həm də gələcəyimizin mənəvi dayağıdır. Onu qorumaq hər bir azərbaycanlının milli və vətəndaşlıq borcudur.

Kamran Mustafayev
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button