AnalitikaGündəmSiyasət

Azərbaycan digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un açılış mərasimində iştirak etmişdir. Bugün  Azərbaycan Respublikası  regionda enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli rola malikdir. İlk neft-qaz sərgisi 1994-cü ildə təşkil edildi.  XX əsrin 90-cı illərindəki qarışıq siyasi vəziyyətin stabilləşdirilməsi, Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində “XX əsrin müqaviləsi”  imzalanması mühüm iqtisadi uğur idi. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.

Dövrün mürəkkəb siyasi vəziyyətini nəzərə aldıqda bu müqavilənin əhəmiyyəti daha da artırdı. Bu müqavilə gələcəyə hesablanmış böyük bir siyasi baxış idi. Nəzər salsaq görərik ki,  enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan iqtisadiyyatımızın inkişafı mümkünsüz idi. Bu istiqamətdə  ən cəlbedici sahə məhz enerji idi. Bugün həmin böhranlı vəziyyəti təhlil etdikdə görürük ki, bu müqavilə olmasaydı, Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyərək  həqiqi müstəqil dövlət ola bilməyəcəkdi. Çünki bu gün o dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmış, iqtisadiyyat iflic vəziyyətində idi. İnflyasiya 1000 faizlə ölçülür, yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərənin yaranması bugün daha aydın görünür. Dövlətimizin  enerji siyasəti iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.

 

Bu günün reallığında  Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir.  Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır. Maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq. Bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Sürətlə dəyişən dünyanın əsas tələbləri olan insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırırıq.  Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı. Dövlətimiz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa edib. Xüsusilə qeyd etməliyik ki , açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir. Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır. Ötənilki statistikaya əsasən  biz səkkiz ölkəyə təbii qaz ixrac edirdiksə, bu gün artıq  həmin ölkələrin sayı 12-yə çatıb. Təbii ki, biz bu istiqamətdə fəaliyyətimizi daha məhsuldar etmək üçün çalışacağıq.

 

Azərbaycan ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindədir. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar müsbət dinamikadır. Enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük. Beləliklə, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq yüksək səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaradırıq. Hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir.

Azərbaycanın təbii qaz ixracı ötən il 25 milyard kubmetrə çatmışdır. İşlər planlara uyğun getsə,  2030-cu ilədək qaz ixracı 8 milyard kubmetrə qədər artacaq. Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən,  2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək. Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır.  Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim dünya üçün məsuliyyətimizi nümayiş etdirir.

Ağabəyova Mənzər,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button