Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı. Sərəncam iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı.
COP29 çərçivəsində iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətlərini dəstəkləmək məqsədilə “Kiçik ada dövlətlərinin səslərinin gücləndirilməsinə dair Bakı Bəyannaməsi” qəbul olunub. Əlbəttə ki, bu Bəyannamənin qəbul edilməsi COP29-a Azərbaycan Sədrliyinin növbəti uğurudur. Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirinə məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə əməkdaşlığı genişlənib. Prezident İlham Əliyevin COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini göstərir.
Azərbaycan ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım məqsədi ilə humanist addımlar atmışdır. Hətta kiçik ada ölkələri Azərbaycanın təqaüd proqramlarından yararlanıb. “Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”, – deyə dövlətimizin başçısı çıxışında bildirib. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı da 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada ölkəsinə yardım göstərib. Azərbaycan Prezidenti həmin ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılması Azərbaycanın COP29-da göstərdiyi səylərin mərkəzindədir”. Qlobal səhiyyə böhranı dövründə belə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərin göstəricisidir. Vaxtı ilə maliyyə yardımı alan Azərbaycan artıq fəal donor ölkəyə çevrilib. Ölkəmiz kiçik ada dövlətlərinə birmənalı dəstəyini ardıcıl olaraq nümayiş etdirir. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı zamanı Azərbaycan Prezidenti bir daha təsdiqlədi ki, COP29-un sədri kimi Azərbaycan onları dəstəkləyəcəkdir.
Əfsanə Rəhimova,
Pirşağı bələdiyyəsinin sədri