Dekabr ayında AZAL-a məxsus Bakı-Qroznı istiqaməti üzrə uçuş yerinə yetirən təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması bütün regionda dərin narahatlıq yaradıb. Prezident İlham Əliyevin Sankt-Peterburqa səfəri ərzində aldığı bu xəbərə dərhal reaksiyası, həmin anda Azərbaycan dövlətinin təcili tədbirlər planının işə düşməsinə səbəb oldu.
Hadisənin ilk saatlarından etibarən, Prezidentin göstərişi ilə Dövlət Komissiyası yaradıldı. Komissiya təyyarənin qəzasını tam araşdırmaq, mümkün texniki və insan faktorlarını qiymətləndirmək üçün təcili olaraq Aktau şəhərinə ezam edildi. Heyət təyyarənin qalıqlarını, onun fiziki vəziyyətini, mümkün xarici təsirləri öyrənmək üçün yerində araşdırmalara başladı. Azərbaycan tərəfi yaralı sərnişinlərə yardım göstərmək üçün həkimlərdən ibarət ixtisaslaşmış qrup göndərdi. Qazaxıstan tibb xidməti hər şey etmiş olsa da, Azərbaycan dövləti vətəndaşlarına maksimum qayğı göstərməyə çalışırdı. Yaralıların bir çoxu artıq Bakıya təxliyə edilib və mülki tibbi yardımla təmin olunub.
Prezident İlham Əliyev müsahibəsində qəza ilə bağlı mühüm detallara toxundu. İlkin araşdırmalar təyyarənin Rusiya ərazisində xarici təsirə məruz qaldığını ortaya qoyub. Radioelektron müdaxilələr və yerdən açılan atəş nəticəsində təyyarənin idarəetməsini itirdiyi vurğulanıb. “Qara qutu” məlumatları araşdırıldıqdan sonra qəzanın tam səbəbləri məlum olacaq.
Azərbaycan beynəlxalq ekspertlərin iştirakı ilə obyektiv araşdırmanın aparılmasının tərəfdarıdır. Rusiya tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin bu işlə başçılıq etməsini təklif etsə də, Azərbaycan bu təklifi obyektivlik şübhəsi ilə rədd edib. Hazırda qrupda təyyarənin istehsalçısı olan “Embraer” şirkəti, Braziliya, Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələri şümul şəkildə iştirak edir.
Təyyarə ekipajının peşəkarlığı və qəhrəmanlığı xüsusi qeyd olunmalıdır. Pilotlar idarəetməni itirmiş təyyarəni fədakarlıqla eniş etdirməyə çalışmışlar. Prezident İlham Əliyev ekipaj üzvlərinin fəaliyyətini yüksək qiymətləndirərək, onların dövlət tərəfindən təltif olunacağını bildirdi və sözünə əməl edərək 3 nəfər ekipaj üzvünə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi haqqında sərəncam imzaladı
Qazaxıstan tərəfi qəza yerində dərhal xilasedici əməliyyatlara başlamış, yaralılara vaxtında tibbi yardım göstərmişdir. Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi bu dəstəyə görə təşɟür edib. Qazax xalqının həmrəyliyi, hətta adi vətəndaşların konsulluğa gül qoyması, iki xalq arasındakı dostluğun möhkəmlənməsinə şərait yaratdı.
Hadisədən sonra AZAL Rusiyanın bir çox şəhərlərinə uçuşları dayandırdı. Bu qərar ilk növbədə sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Şübhələr Rusiya tərəfindən məsələni ört-basdır etmə cəhdlərinə yönəlib, lakin Azərbaycan dövləti çox aydın və prinsipial mövqedədir.
Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, “Azərbaycan tərəfi və şəxsən mən maksimum ədalətli olmağa çalışırıq. Biz hansısa tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan bu barədə fikir söyləmək istəmirik. Ancaq açıq-aydın olan məsələlərdə biz tam qətiyyətlə öz fikrimizi deməliyik, deyirik və deyəcəyik. Mən qəza baş verən gün burada – hava limanında öz çıxışımda söylədim ki, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu məsələ ilə, bu istintaqın gedişatı ilə bağlı məlumatlandırılacaq və məlumatlandırılır”.
Osmanova Məlahət,
Xəzər rayonu 92 №li tam orta məktəbin Tarix müəllimi