AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı qarşılıqlı etimada əsaslanır

Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Son illər Avropa İttifaqı ilə münasibətlərin dinamik inkişafı bunu bir daha təsdiq edir. Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirdiyi görüşlər və aparılan müzakirələr strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir.

Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Qarşılıqlı faydaya əsaslanan iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlıq və nəqliyyat layihələri münasibətlərin əsas istiqamətlərini təşkil edir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əldə olunan nəticələr Azərbaycanın etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirib.

Azərbaycan yalnız mövcud əməkdaşlıqla kifayətlənmir, eyni zamanda yeni istiqamətlər üzrə də birgə fəaliyyətin genişləndirilməsinə xüsusi önəm verir. Yaşıl enerji, rəqəmsal transformasiya, nəqliyyat-kommunikasiya layihələri və regional təhlükəsizlik məsələləri gələcək əməkdaşlığın əsas prioritetləri sırasında yer alır.

Ölkəmizin geostrateji mövqeyi, zəngin enerji ehtiyatları və müasir infrastruktur layihələri Avropa ilə Asiya arasında etibarlı körpü rolunu daha da gücləndirir. Bu amillər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və xarici tərəfdaşların ölkəmizə olan marağının yüksəlməsinə səbəb olur.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə etibarlı, məsuliyyətli və etimada layiq tərəfdaş kimi tanınır. Avropa İttifaqı ilə münasibətlərin daha da inkişafı ölkəmizin milli maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi rifahın möhkəmlənməsinə də mühüm töhfə verir.

Sevinc Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button