AnalitikaGündəmSiyasət

AXC-nin siyasi, hüquqi və mədəni irsi bu gün müstəqil Azərbaycan dövlətinin əsas dayaqlarını təşkil edir

“1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Şərqdə və İslam aləmində ilk dünyəvi və parlamentli respublika olaraq tarixə düşmüşdür. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, AXC-nin siyasi, hüquqi və mədəni irsi bu gün müstəqil Azərbaycan dövlətinin əsas dayaqlarını təşkil edir. Müstəqillik ənənələrinin qorunmasında və inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti xüsusi yer tutur”.

Bunu “Gundemws.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, AXC-nin 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsi xalqın öz müqəddəratını təyin etmə hüququnun təntənəsi idi. Bu sənəddə hüquq bərabərliyi, milli hakimiyyətin xalqa məxsus olması və demokratik idarəçilik prinsipləri ifadə olunurdu. Bəyannamə müasir Azərbaycan Respublikasının konstitusion əsaslarının hüquqi və ideoloji zəminini formalaşdırmışdır. AXC beynəlxalq səviyyədə tanınmaq üçün ciddi diplomatik addımlar atmış, Paris Sülh Konfransında iştirak etmiş, Avropa dövlətlərinə nota göndərərək müstəqil dövlət kimi tanınmağa çalışmışdır. 1920-ci ildə Antanta dövlətləri tərəfindən Azərbaycan de-fakto tanınmışdır. Bu proses müasir dövrdə Azərbaycanın müstəqil xarici siyasətinin təməlini qoyan ilk təcrübə idi.

“1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunarkən qəbul edilən Konstitusiya Aktında AXC-nin hüquqi və siyasi varisliyi təsbit olunmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bu varislik möhkəmləndirilmiş, dövlət atributları bərpa edilmiş, milli dövlətçilik ideologiyası yenidən formalaşdırılmışdır. Prezident İlham Əliyev AXC irsinin yaşadılmasını daima davam etdirir. Onun rəhbərliyi ilə aparılan köklü islahatlar – dövlət idarəçiliyinin modernləşdirilməsi, hüquqi dövlətin qurulması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması – AXC-nin əsas prinsiplərinin müasir kontekstdə tətbiqidir”.

Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyev çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətini milli dövlətçiliyimizin başlanğıcı kimi qiymətləndirir və onun qoyduğu ideyaların bu gün reallığa çevrildiyini vurğulayır. 2018-ci ilin AXC-nin 100 illiyi münasibətilə respublika səviyyəsində keçirilən tədbirlər, “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan olunması dövlətçilik irsinə verilən yüksək dəyərin bariz nümunəsidir.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun siyasi və mənəvi irsi bu gün müstəqil Azərbaycan Respublikasının dayanıqlı inkişafında yaşamaqdadır. Bu irs Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə daha da möhkəmləndirilmiş, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq nüfuzu ilə tamamlanmışdır. AXC-nin idealları bu gün Azərbaycan xalqının milli vəhdət, müstəqillik və tərəqqi yolunda aparıcı bələdçisinə çevrilmişdir.

Oxşar Xəbərlər

Back to top button