
Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Rusiya qazından imtina etdikdən sonra qitədə qiymətlər 7 dəfə artıb və enerji böhranı yaranıb. Sənayedə və istehsal müəssisələrində təbii qaza tələbat çox böyük həcmdədir və yaxın gələcəkdə də eyni səviyyədə qalacaq. Bu səbəbdən Avropada Azərbaycan qazına tələbat böyükdür. Artıq ölkəmizin Avropaya qaz təchizatının coğrafiyası xeyli genişlənib.
Müasir geosiyasi şəraitdə enerjiyə əlçatanlığın təmin olunması, eləcə də təbii resursların bazarlara çıxarılması üçün şaxələndirməni getdikcə zəruri edir. Özünün karbohidrogen resursları ilə Avropanın enerji xəritəsini zənginləşdirən Azərbaycan ötən müddətdə şaxələndirilmiş ixrac sistemini yarada bilib. Çoxvariantlı ixrac sistemlərinin ahəngdar işini təmin etmək üçün isə ölkəmizin potensialı yetərincədir.
Uzun illər Azərbaycanın “Şahdəniz” yatağı Avropanın mühüm “mavi yanacaq” mənbəyi rolunu oynayırdısa, artıq “Abşeron” kimi zəngin qaz yatağının da resursları ölkəmizin ixrac gücünə əlavə güc qatır. Bununla yanaşı, cari ilin sonunadək “Azəri–Çıraq–Günəşli” yataqlar blokunda “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Avropanın dərinliklərinə daha çox qaz nəql etmək üçün isə Cənub Qaz Dəhlizinin gücünü iki dəfə artırmaq tələb olunur. Cənub Qaz Dəhlizi Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunan təbii qazın Türkiyə və Avropa bazarına ixracını TANAP və TAP boru kəməri vasitəsilə təmin edir. 1841 kilometrlik TANAP 2018-ci ildə, TAP isə 2020-ci ildə istismara verilib. Azərbaycanın neft və qaz təchizatçısı olması, onun enerji dayanıqlılığına olan öhdəliyi ilə ziddiyyət təşkil etmir. Azərbaycan enerji siyasətini xarici siyasətdən ayrı tutmaqla böyük hədəfləri olduğunu təsdiqləyir. Ölkəmiz praqmatik yanaşmaya malikdir, bu da ona hətta geosiyasi qeyri-müəyyənlik və qeyri-sabitlik şəraitində tərəfdaşları ilə etimad qurmağa imkan verir. Bu həm də Azərbaycanın milli maraqlarına uyğundur.
Şəlalə Səmədova,
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin coğrafiya müəllimi