Antiterror tədbirlərin nəticəsi
Azərbaycan Ordusu hərb tariximizə daha bir şərəfli səhifə yazdı. Ordumuzun sentyabrın 19-da başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirlərini yüksək peşəkarlıqla yerinə yetirməsi belə deməyə əsas verir. Bu tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlar və terror hücumlarına cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi.
Antiterror tədbirləri Ordumuzun peşəkarlığını bütün dünyaya göstərdi. Mülki insanlara, mülki infrastruktura ziyan vurmadan, dağdan-dərədən, düzəndən-keçiddən adlayaraq çox qısa müddət içində, böyük nəticə əldə etmək yalnız yüksək hazırlıqlı orduya xas hadisədir.
Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.
Antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edən dövlət başçısı deyib: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.
Antiterror tədbirlərinin 24 saatdan az müddət ərzində uğurla nəticələnməsi Azərbaycan Ordusunun peşəkarlığının bariz nümunəsidir. Azərbaycan bu minvalla bir daha dünya içtimaiyyətinə nümayiş etdirdi ki, beynəlxalq hüquqdan və qanundan kənar heç bir hərəkətə yol verməyib, öz əzəli, suveren ərazisində mülkü əhalinin təhlükəsiziliyini təmin etməklə terrora qarşı mübarizə apardı. Nəticə etibarı ilə bütün dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan regionda sülh və əminamanlığın bərqərar olmasının, regionun inkişaf edərək çiçəklənməsinin tərəfdarıdır.
Mətanət Cəfərova,
YAP-ın fəalı