AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Anım Günündən Zəfər Gününə

27 Sentyabr ilə 8 Noyabr arasında cəmi 44 gün olsa da, bu müddət Azərbaycan tarixinin ən mühüm mərhələlərindən birinə çevrildi. Hərbi əməliyyatların başladığı ilk gündən etibarən Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə irəlilədi, yaşayış məntəqələri və strateji yüksəkliklər azad edildi. Bu yürüş Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi dönüşün başlanğıcı idi.

Anım Gününün mahiyyətində məhz bu 44 günlük yolun insan taleləri dayanır. Hər bir azad edilmiş kəndin, hər bir yüksəklik və şəhərin arxasında böyük fədakarlıq vardı. Şəhidlərimizin həyatları bahasına əldə edilən Zəfər Azərbaycan xalqının yaddaşında heç vaxt silinməyəcək iz buraxdı.

Prezident İlham Əliyev müharibənin ilk günündən etibarən həm hərbi, həm siyasi, həm də informasiya istiqamətlərində ölkənin mövqeyini ifadə etdi. Dövlət başçısının xalqa müraciətləri və beynəlxalq mediaya verdiyi müsahibələr Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Müharibənin gedişi Azərbaycan Ordusunun hərbi uğurları ilə yanaşı, informasiya cəbhəsində də fəallıqla müşayiət olunurdu.

Bu gün 27 Sentyabr Anım Günü ilə 8 Noyabr Zəfər Günü arasında tarixi bağlılıq xüsusi məna daşıyır. Birinci tarix şəhidlərimizin xatirəsini, ikinci tarix isə onların canı bahasına əldə edilmiş Qələbəni ifadə edir. Bu iki tarix birlikdə Azərbaycanın müasir tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.

Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button