AnalitikaGündəmOrdu

Ali Baş komandan “Qarabağ Azərbaycandır!” reallığını bütün dünyaya sübut etdi

30 ildən sonra nail olduğumuz, dünyaya səs salan tarixi Zəfərimizdən bizləri üç illik zaman məsafəsi ayırır. Bu dörd il 30 illik işğal dövrünün reallıqlarını yenidən nəzərdən keçirməyə böyük imkanlar yaratdı. Bu baxımdan ki, 44 günlük Vətən müharibəsi dövründə yaşananlar, işğalçı Ermənistanın yeni ərazilər uğrunda müharibə planlarının açıqlanması, dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların seyrçi və laqeyd münasibətləri münaqişənin həlli prosesinin hansı səbəblərdən 30 il uzanmasına işıq saldı.

Azərbaycan oğulları Ermənistan ordusunu döyüş meydanında darmadağın etdi. Bununla da ermənilərin öz orduları haqqında uzun illər uydurduqları mif sabun köpüyü kimi partladı. Cəmi 44 gün ərzində bu “yenilməz ordu” məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini təkcə erməni işğalçılarına deyil, eyni zamanda, onların havadarlarına əyani surətdə göstərdi. Dövlət başçısı xalqa bütün müraciətlərində erməni vandalizmindən geniş bəhs edir, bildirirdi ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 30 ildə necə susmağı, seyrçi mövqedə dayanmağı özləri üçün, daha dəqiq desək, maraqlarının icrası üçün çıxış yolu hesab edirdilərsə, Vətən müharibəsi dövründə də eyni ab-havanı nümayiş etdirirlər. Cənab İlham Əliyev eyni zamanda, xəbərdarlıq edirdi ki, bu cür addım atanlar unudurlar ki, bir cinayətin cəzasız qalması digər cinayətə rəvac verir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin hər gününü tarixə qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusu Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanı işğaldan azad etməklə Ermənistanın kapitulyasiya aktını imzalamasını şərtləndirdi. Azərbaycanın tarixi Qələbəsi dünyaya səs saldı. Şuşa əməliyyatı bir dastana çevrildi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirilməsi və iştirakçılara diqqətin təcəssümüdür. Həmçinin dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı tarix – 27 sentyabr Anım Günü, Şuşanın işğaldan azad edildiyi 8 noyabr Zəfər Günü kimi təsis edildi. Atılan hər bir addım xalqımıza Zəfər sevincini yaşadan Vətən oğullarının qəhrəmanlıqlarının, şücaətinin təbliğinə xidmət edir.

Azərbaycan xalqı bayramlarını Qələbə ruhunda qeyd edir. Artıq torpaqlarımızın işğaldan azad edilməsindən deyil, bu ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət almasından, soydaşlarımızın Böyük Qayıdışından bəhs edirik. Qalib Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Zəfərin mübarək, Azərbaycan xalqı! Eşq olsun Müzəffər Ali Baş Komandana!

Əfsanə Rəhimova,
Pirşağı bələdiyyəsinin sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button