AnalitikaGündəm

Ağdam rayonu – tarixi və yenidən dirçəlişi

Ağdam Azərbaycanın, Qarabağın dilbər guşələrindən, ən gözəl şəhərlərindən biridir. Ağdam rayonu 8 avqust 1930-cu ildə Ağdam qəzasının və sonra Qarabağ dairəsinin ləğvi nəticəsində yaradılıb. Mərkəzi Ağdam şəhəri olan indiki Ağdam, Bərdə, Tərtər, Ağcəbədi rayonlarını birləşdirən inzibati-ərazi vahidi sayılır. Ağdam gözəl Qarabağın ürəyi sayılan şəhər kimi tanınırdı . Yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuş, duluzçuluq, zərgərliklə məşğul olmuşdur.

Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu  yerləşirdi. Xanlar Haqverdiyev, Oqtay Quliyev kimi tanınmış musiqiçiləri olub. Hər sahədə öz sözünü demiş Ağdam təkcə musiqiçiləri ilə deyil, neçə-neçə elmi işçiləri, tarixdə tanınmış bəyləri və generalları ilə məşhur olunmuşdur: Cabbar bəy Vəlibəyov, Kərbəlayı Şirin bəy Çəmənli, Tofiq Babayev, Rövşən Əkbərov, Süleyman bəy Əfəndiyev, İradə Əliyeva, Aşur Hüseynov və başqaları.

1918–1920-ci illərdə baş vermiş Azərbaycan-Ermənistan müharibəsi zamanı ağır döyüşlərin getdiyi ərazilərdən biri də Ağdam cəbhəsi olmuşdur. Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.  Məlumata əsasən Ağdam rayonunun bir hissəsinin işğalı zamanı ,1993-cü il, 23 iyul tarixində, rayonun ümumi əhalisi 191 700 nəfər təşkil etdiyi halda, işğal nəticəsində onun təqribən 120 000 nəfəri məcburi köçkün statusu almışdır. Onu da qeyd idim ki, 1-ci Qarabağ müharibəsində ilk şəhid verən şəhər elə Ağdam şəhəri olmuşdur .Beləliklə, 1-ci Qarabağ müharibəsində 6.000-dən çox ağdamlı şəhid olub. İşğal zamanı isə 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb tamamilə məhv edilib.

2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları Ağdam şəhərinin adını erməniləşdirmək məqsədilə dəyişərək “Akna” qoyublar və Ağdamın işğalda olan ərazilərində 360 nəfər insan daimi məskunlaşıb. Lakin buna baxmayaraq rayonunn 43 kəndi və 13 qəsəbəsi Azərbaycanın nəzarətində olub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi prosesi isə Ali baş komandan İlham Əliyevin sayəsində, 10 noyabr 2020-ci il üçtərəfli atəşkəs bəyanatına uyğun olaraq həyata keçirildi. Və 20 noyabr 2020-ci il tarixində erməni silahlı birləşmələri Ağdam rayonunu tərk etdi. Elə həmin gün Müzəffər Azərbaycan ordusu Ağdama daxil oldu. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və Dövlət Himni səsləndirildi .2021-ci ilin iyun ayında isə Ermənistan tərəfi 15 hərbçisinin azad edilməsi müqabilində Ağdam rayonunun ərazisində basdırılmış bəzi minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təhvil verdi.

Bəli, belə yerdə atalarımız doğru deyib:”özgə atına minən tez düşər”. Axı nə vaxta bu belə qalacaqdı. Azərbaycan xalqı canını verər torpağını verməz. Əlbəttə, Azərbaycan “təki vətən sağ olsun!” şüarı altında minlərlə şəhid verdi bu yolda. Bütün bu proseslər isə xalqın istəyi, tələbi və baş komandan İlham Əliyevin siyasəti ilə həyata keçirildi. Ali baş komandan, Prezidentimiz demişkən: ” biz bir yumruqda birləşdik – dəmir yumruqda”.

Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq. Bu plana əsasən 2026-cı ilə qədər Ağdama 10 minə qədər əhali köçəcək, son olaraq burada 100 min nəfər yaşayacaq. “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını verir”.Bu mənanı saxlamaq və onu daha da işıqlandırmaq üçün Ağdamda ağıllı kənd proyekti də nəzərdə tutulub.

Ölkə başçısı Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ziyan dəymiş Ağdam rayonunun yaşayış məntəqələrinin tikintisi, bərpası və təmiri işlərinin vəziyyəti ilə maraqlanır, yeni qərar və tapşırıqlarını davamlı olaraq verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonuna səfərləri çərçivəsində bir çox kəndlərə gələrək evlərdə yaradılan şəraitlə tanış olurlar. Səfərlərində Prezident İlham Əliyev demişdir: ”vətəndaşlar narahat olmasınlar, Azərbaycan dövləti bütün lazımi işləri görəcək”. Belə də oldu, yararsız vəziyyətdə olan bütün evlər, binalar 6-7 ay ərzində bərpa edildi. Ağdam rayonunda 700-dən çox ev təmir oldu və tikildi. Bütün bu olanlara, Azərbaycan torpağı, xalqı ilə bağlı göstərdiyi bütün səy və təşəbbüskarlığı görə Prezidentimizə təşəkkürümüzü bildiririk.

Vəlicanova Əfsanə,
Xəzər rayonu, 324 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button