Azərbaycanın Qarabağ bölgəsində yerləşir və zəngin tarixi, mədəni irsi ilə hər zaman diqqət mərkəzində olan Ağdam,”İşıqlı yer” mənasını daşıyır. Bu şəhər, təbiətinin füsunkar gözəllikləri, məhsuldar torpaqları və strateji mövqeyi ilə fərqlənmişdir. Ağdam XVIII əsrdə tikilmiş Cümə məscidi ilə tanınır. Bu məscid Azərbaycanın İslam memarlığının şah əsərlərindən biri olaraq, dini ibadətlərin keçirildiyi müqəddəs məkan olmaqla yanaşı, memarlıq baxımından da bənzərsiz nümunədir.
Tarixi mənbələr göstərir ki, Ağdam ərazisi qədim dövrlərdən etibarən insanların yaşadığı bir bölgə olmuşdur və burada aşkar edilən çoxsaylı arxeoloji tapıntılar bu torpağın qədimliyini sübut edir.1993-cü ildə Ermənistanın həyata keçirdiyi hərbi təcavüz nəticəsində Ağdam şəhəri tamamilə işğal olundu. İşğal zamanı şəhər tamamilə dağıdılmış, tarixi abidələr vandalizmə məruz qalmış, Cümə məscidi isə təhqir edilərək qeyri-insani şəkildə istifadə olunmuşdur. Şəhərin iqtisadi və sosial infrastrukturu tamamilə məhv edilmiş, əhalisi isə məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu dövrdə Ağdam “Qafqazın Xirosiması” kimi adlandırılmış və beynəlxalq ictimaiyyətin gözündə Ermənistanın təcavüzkar siyasətinin simvoluna çevrilmişdir. İşğal illəri şəhərin yalnız fiziki məhvini deyil, həm də mədəni və tarixi irsə qarşı yönəlmiş vandalizm aktlarını özündə ehtiva edirdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun şücaəti və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Ağdam azad edildi. Bu azadlıq Azərbaycan xalqının tarixi ədaləti bərpa etməsi və ərazi bütövlüyünün təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Şəhərin azad edilməsi ilə bağlı Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Ağdam Azərbaycanın ərazi bütövlüyünün və milli qürurunun simvoludur. Azadlıqdan dərhal sonra Ağdamda genişmiqyaslı yenidənqurma işlərinə başlanıldı. İlkin mərhələdə şəhərin minalardan təmizlənməsi və təhlükəsizlik təmin edildi. Bununla paralel olaraq, müasir “ağıllı şəhər” konsepsiyasına uyğun olaraq yenidənqurma planları hazırlandı.Prezident İlham Əliyevin şəxsi nəzarəti altında Ağdamda yeni infrastruktur layihələri həyata keçirilməyə başladı. Prezident şəhərə etdiyi səfərlər zamanı bir çox layihələrin təməlini qoymuş, bərpa prosesinin sürətlənməsi üçün göstərişlər vermişdir. Şəhərdə Cümə məscidi və digər tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı işlər görülmüşdür. Eyni zamanda, Ağdamın iqtisadi potensialını artırmaq üçün kənd təsərrüfatı, sənaye və turizm layihələri reallaşdırılır. Şəhərin mərkəzində yeni parklar, ictimai obyektlər və yaşayış kompleksləri tikilir, sosial infrastruktur bərpa olunur.
Hazırda Ağdam yalnız Qarabağın deyil, bütün Azərbaycanın inkişaf simvoluna çevrilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə həyata keçirilən işlər Ağdamı müasir dövrün tələblərinə uyğun, yaşayış və iqtisadi mərkəzə çevirir. Bu gün Ağdam keçmişdən aldığı dərsləri gələcəyə yönəlmiş uğurlu addımlarla tamamlayır. Qarabağın dirçəlişi Ağdamdan başlayır və bu şəhər tarixi ədalətin, dövlət gücünün və xalqın birliyinin simvolu olaraq qalacaqdır.
Sahil Əliyev,
YAP-ın gənc fəalı