AnalitikaGündəm

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

XIX əsrin sonu-XX əsrin əvvəllərində Rusiyanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqımızın milli şüuru formalaşaraq müstəqillik, hürriyyət kimi düşüncələri aktuallaşdırdı. Əli bəy Hüseynzadənin “türk qanlı, islam canlı, hürr iradəli vətəndaş olmaq” idealı ətrafıda toplaşan Azərbaycan milləti 1918- ci ildə Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyətinin II hökumətinin iclasında qəbul edildi. Əli bəyin ideyası Azərbaycan bayrağı təsis olunarkən əsas doktrina kimi qəbul olundu. Göy rəng- türklüyü, qırmızı- müasirliyi, yaşıl isə islamı əks etdirirdi. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirirdi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılan ay ulduz 1920-ci ilin aprel ayınadək dövlət bayrağı statusuna malik olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərar haqqında danışarkən bildirirdi ki: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı.1991- ci ildə Azərbaycan Respublikası da bu bayrağı öz atributuna çevirərək bir daha səmalara qaldırdı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. Ulu Öndər Heydər Əliyev həmçinin bildirirdi ki: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bayraq barəsində danışarkən bildirirdi ki: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”. Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Bay­ra­ğı­ Azər­bay­can və­tən­daş­la­rı­nın mil­li həm­rəy­li­yi­nin, va­hid məf­ku­rə ət­ra­fın­da sıx bir­ləş­mə­si­nin baş­lı­ca amil­lə­rin­dən bi­ridir. Bayraq milli identikliyin təzahür formalarından biridir.

Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Əmirova Tünzalə,
Xəzər rayonu, 230 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button