AnalitikaGündəm

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə 1993-cü ildən bəri qeyd olunan Dünya Azərbaycanlıların Həmrəylik Günü tarixi qələbəmizdən sonra daha da fərəh və sevinclə qeyd olunur. Heydər Əliyev ənənələrini davam etdirən xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xal-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı. Cənab Prezident xarici mediada, digər ölkələrdə yaşayan azərbaycanlılar isə yaşadıqları ölkələrdə qətiyyətlə haqq səsimizi ucaltdılar, ədaləti müdafiə etdilər. Bu tarixi qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin güclü ordumuzun və xalqımızın həmrəyliyi , birliyi oldu. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərilərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışıblar. Eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən koordinasiya şuraları tərəfindən müxtəlif ölkələrin prezidentləri, parlament üzvləri, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, dünyada tanınmış siyasətçilər, beynəlxalq media nümayəndələri, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı məlumatları özündə əks etdirən beş minə yaxın məktub elektron poçt vasitəsilə göndərilmişdir. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan Ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq maarifləndirmə, təşkilati və təbliğat işləri görülüb. Bu gün hər bir azərbaycanlı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Biz birlikdə, həmrəy olanda daha da güclənirik. Həmrəyliyimiz əbədi olsun!

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button