AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

27 Sentyabr — Azərbaycan tarixinə həm dərin hüzn, həm də sonsuz qürur günü kimi həkk olunmuş Anım Günüdür

Bu tarix, 2020-ci ildə torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda 44 günlük Vətən müharibəsinin başladığı gündür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilən bu gün, canlarını vətən yolunda fəda edən şəhidlərimizin əziz xatirəsinə həsr olunur.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. “Dəmir yumruq” əməliyyatı adı altında birləşən xalq və ordu, illərdir davam edən torpaq həsrətinə son qoymaq üçün bir yumruq kimi birləşdi. Səfərbərlik elan olunduğu andan etibarən minlərlə gənc könüllü olaraq cəbhəyə yollandı, bütün xalq arxa cəbhədə böyük həmrəylik nümayiş etdirdi.

44 gün davam edən döyüşlər zamanı Azərbaycan Əsgəri müasir hərb tarixinin ən parlaq səhifələrindən birini yazdı. Keçilməz sayılan müdafiə xətləri yarıldı, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Laçın və Kəlbəcərin kəndləri, strateji yüksəkliklər bir-birinin ardınca azad edildi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini həll etdi və tarixi Zəfərimizin zirvəsi oldu.

Bu böyük qələbə təkcə hərbi gücün deyil, həm də milli ruhun, sarsılmaz iradənin və ədalətin zəfəri idi.

Azərbaycanın hər bir qarış torpağının azad olunması qiymətsiz fədakarlıqlar hesabına başa gəldi. Minlərlə igid Vətən övladı gözünü qırpmadan canını fəda etdi, qazi oldu. Anım Günündə bütün ölkə miqyasında şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, məzarları ziyarət olunur, ruhlarına dualar oxunur.

Anım Günü — keçmişə ehtiram, gələcəyə isə cavabdehlik günüdür. Şəhidlərimizin bizə əmanət etdiyi azad və bütöv Azərbaycanı qorumaq, işğaldan azad edilmiş torpaqları yenidən dirçəltmək hər birimizin müqəddəs borcudur.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button