2020-ci ildən sonra Azərbaycanın Cənubi Qafqazın sükanını idarə etməsi hər bir azərbaycanlı üçün sevindirici haldır
1991-ci ildə yaradılan Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir. Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsində təşkilatın dövlətlər arasında dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə xidmət etdiyi vurğulanır. Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Prezident İlham Əliyev cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 530-cü iclasının iştiraçıları ilə görüşdə çıxış etmişdir. Bu çıxış zamanı bir çox əhəmiyyətli məsələlər dilə gətirilmişdir. Tarixi həqiqətlərin vacibliyi, ədalətin doğru şəkildə bərpa edilməsinin önəmi ifadə edilmişdir. Bununla bağlı təhlükəli tendensiyaların olmasının təhdidləri artırması və yeni qeyri-sabitlik ocaqları yaratması gündəmə gətirilmişdir. Bu səbəbdən daim operativ informasiya mübadiləsi aparmaq zəruridir.Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır. Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. XIX əsrdə erməni əhalisinin İrandan və Şərqi Anadoludan Azərbaycan ərazilərinə kütləvi köçü başlandı. Artıq sovetləşdirmə məqamında Azərbaycanın Qarabağ regionunun milli tərkibi XIX əsrin əvvəlində olduğundan fərqli idi. Bunları nəzərə alaraq, Sovet İttifaqı artıq həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayətini yaratdı. Bu, tam yüz il əvvəl baş verib. Artıq Sovet İttifaqında mərkəzdənqaçma meyilləri başlayan vaxtda, erməni separatçılığının və təcavüzkar ekstremizmin baş qaldırdığı 1980-ci illərin sonunda qeyri-rəsmi ekstremist təşkilatları yaradıldı. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi. Bu bizə beynəlxalq hüququn fəaliyyətinin qeyri-praktikliyini dəfələrlə sübut etdi. Beynəlxalq institutların iş prinsipləri dəyişilməlidir. Münaqişənin nizama salınmaması bir daha göstərir ki, ATƏT-də böyük dəyişiklik olmalıdır. Beynəlxalq hüququn tarixi ədaləti bərpa etmək məsələsindəki qərəzli yanaşması Ermənistanı daha da ayaqlandırdı. Nəticədə rəsmi İrəvanın təxribatçı siyasəti müharibəni qaçılmaz etdi. Ermənistanın təxribatları və hərbi cinayətləri 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı. Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi. Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdirən sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərməsi oldu. Bu, qırmızı xətti keçmək demək idi. Təbii ki, Azərbaycan buna dözə bilməzdi. Beləliklə 19 sentyabr tarixli antiterror tədbirlərinin əsas səbəbinə çevrildi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər. Bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi. Sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı. İndi bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik xidmətləri göstərməyə çalışır. Əgər bu siyasət birtərəfli xarakter daşımırsa və qərəzli deyilsə, biz bu cəhdləri qəbul edirik. Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır. Sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Bütün digər təkliflər həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla ölkəmiz tərəfindən təhlil ediləcək.
Aynur Həsənova,
YAP-ın gənc fəalı