
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir.Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi,406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı.Beləliklə, Azərbaycan ərazisində qurulmuş separatçı rejimin fəaliyyətinə son qoyuldu. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. O öz çıxışı zamanı bildirdi ki, 20 il bundan əvvəl Azərbaycan xalqı böyük etimad göstərərək onu prezident seçkilərində prezident vəzifəsinə seçdikdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına , Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdi. Ölkə başçısı son 20 il ərzində verdiyi bütün vədlər, qarşıya qoyulan bütün vəzifələri icra etdiyi üçün xoşbəxt olduğunu söylədi.
Prezident İlham Əliyev çıxışında 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən Vətən müharibəsi Zəfərinin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı da xatırladaraq Şuşanın azad edilməsini “Qarabağın tacının geri qaytarılması” kimi dəyərləndirdi və Azərbaycan xalqının bu günə illərlə hazırlaşdığını vurğuladı. Həmçinin, ölkə başçısı İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradıldı. Universitet fəaliyyətə başladıqdan sonra dövlət başçısının sözləri ilə desək, Xankəndi tələbələr şəhərinə çevrilib. Bu ali məktəbin Qarabağın elmi, mədəni və sosial inkişafına böyük töhfə verəcəyinə isə şübhə yoxdur. Azərbaycan Respublikasının Ali Baş Komandanı Milli Məclisin 5 dekabr 2023-cü ildə qəbul etdiyi qanunla inzibati ərazi bölgüsündə dəyişiklik edilərək mərkəzinin Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonunun yaradılmasına qərar vermişdir, bu qərar dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədi daşıyırdı.
Antiterror əməliyyatından sonra Azərbaycan təkcə suverenliyini bərpa etməmiş, həm də azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir. Bu gün artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin rəmzlərinə çevrilib,işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilib, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Əminliklə söyləmək olar ki, bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcək.
Əlisoy Nərgiz
Xəzər rayonu, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin müəllimi