AnalitikaGündəm

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur

“2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.” Xalqın güvəndiyi, etibar etdiyi Lideri cənab İlham Əliyevin də qeyd etdiyi kimi dövlətimizin üçrəngli bayraqları qürurla, fəxrlə suveren ərazilərimizdə dalğalanır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması idi. 30 ildən çox müddətdə ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında saxlanıldı, etnik təmizləmə həyata keçirildi, şəhərlərimiz viran qoyuldu, tarixi-mədəni abidələrimiz dağıdıldı. Xocalı soyqırımı isə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yadda qaldı. Bu müddətdə aparılan danışıqlara, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq münaqişənin həlli istiqamətində atılan bütün addımlar nəticəsiz qaldı. Lakin Azərbaycan xalqı suverenlik prinsipindən heç vaxt geri çəkilmədi , xalqımız əsrlər boyu qarşılaşdığı hərbi, siyasi, iqtisadi çətinliklərə, işğal və təzyiqlərə rəğmən , müstəqillik əzmini heç vaxt itirməmiş, dövlətçilik arzusu ilə mübarizəsini davam etdirmişdir.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi dövlətimizin  və ordumuzun  gücünü, xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Ermənistanın yeni təxribatlarına cavab olaraq başlayan hərbi əməliyyatlar nəticəsində işğal altındakı torpaqlarımızın  böyük hissəsi azad olundu. Ağdam, Kəlbəcər və Laçın rayonları isə sonrakı mərhələdə döyüşsüz qaytarıldı. Azərbaycan BMT qətnamələrinin icrasını öz gücü ilə təmin etdi və suverenliyinin bərpasında tarixi uğura imza atdı.

44 günlük müharibədən sonra da Ermənistan və separatçı qüvvələr sülh prosesinə mane olur, silah-sursat daşınmasını davam etdirirdilər.

2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin qətiyyətini nümayiş etdirdi.

Xalqımız üçün suverenlik yalnız hüquqi anlayış deyil, həm də milli kimlik, dövlətçilik ənənələri və gələcək inkişaf yolunun təməlidir. Öz siyasi taleyinə sahib çıxmaq, müstəqil dövlət qurmaq və onu möhkəmləndirmək hər xalqa nəsib olmur. Azərbaycan xalqı tarix boyu işğal, müharibə, siyasi və iqtisadi çətinliklərə baxmayaraq, dövlətçilik ideyasını yaşatmış, müstəqillik uğrunda mübarizədən heç vaxt vaz keçməmişdir.

Beynəlxalq hüquqa görə, suverenlik dövlətin ali atributudur. Suveren dövlət daimi əhaliyə, müəyyən əraziyə, müstəqil hakimiyyətə və digər dövlətlərlə münasibət qurmaq gücünə sahib olur. Azərbaycan da bu meyarları özündə birləşdirən  müstəqil ölkə kimi beynəlxalq aləmdə tanınır. Bu status ölkəmizin həm daxili idarəetməsində, həm də xarici siyasətində müstəqilliyini təsdiqləyir.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq hüququn prinsiplərinə zidd idi. 30 ildən artıq müddətdə ərazilərimizin işğalı, etnik təmizləmələr, şəhər və kəndlərin viran qoyulması, tarixi-mədəni irsimizin məhv edilməsi bu təcavüzün miqyasını göstərirdi. Azərbaycan xalqı isə bütün bu haqsızlıqlara baxmayaraq, heç vaxt suverenlik iddiasından əl çəkmədi və bu torpaqları yalnız öz dövlətinə aid bildi.

2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi dövlətimizin  şanlı Zəfəri ilə nəticələndi. Silahlı Qüvvələrimiz işğal altındakı torpaqlarımızın böyük bir hissəsini azad etdi, Ermənistan isə məcburən kapitulyasiya sənədinə imza atdı. Bununla Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi və dövlət suverenliyinin bərpası istiqamətində mühüm mərhələ keçdi.

2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən təxribatların qarşısını almaq məqsədilə Ordumuz lokal antiterror tədbirlərinə başladı. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Ermənistan silahlı birləşmələri tərksilah edildi, qondarma qurum özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyi tam şəkildə bərpa olundu, konstitusiya quruluşu və hakimiyyətin aliliyi təmin edildi.

 

20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur. Bu gün – xalqımızın uzun müddət davam edən mübarizəsinin, 30 illik işğalın sona çatmasının, Qarabağ Zəfərinin, antiterror əməliyyatının və suverenliyin tam bərpasının təntənəsidir. Müasir Azərbaycan artıq tam suveren dövlət olaraq öz inkişaf yolunu müəyyənləşdirib və gələcəyə inamla addımlayır.

Bədiyyə Sadıqova ,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button