AnalitikaGündəmSiyasət

1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı aktıdır

Azərbaycanda hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu anım tarixinin qeyd edilməsinə 1998-ci ildən başlanılıb. Həmin gün soyqırım qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. \Martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsinin səbəbi 107 il əvvələ gedib çıxır.

31 mart 1918-ci il tarixində erməni daşnak-bolşevik silahlı dəstələri Bakıda və Azərbaycanın müxtəlif bölgələrində yerli azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törətmişdir. Bu hadisələr Azərbaycan tarixində ən faciəli soyqırımlardan biri hesab olunur.  1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin və “Daşnaksütyun” partiyasının silahlı dəstələri Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəran bölgələrində minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetirmiş, şəhər və kəndləri yandırmış, dini-mədəni abidələri dağıtmışdır.

Təkcə Bakıda 30 mindən çox insan öldürülmüşdür. Şamaxıda 7 mindən çox, Qubada 16 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Məscidlər, məktəblər və tarixi abidələr dağıdılmışdır.  Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib.

Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Quba qırğınları zamanı isə şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.

İrəvanda da azərbaycanlılara qarşı soqırımı aktları həyata keçirilib. 1917-ci ilin noyabrında Rusiyada dövlət çevrilişindən sonra Şərqi Anadoludan və Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən ermənilər türklərə və azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər. İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən başlamışdır. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmişdi.  Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Soyqırımın tanınması və əhəmiyyəti 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu faciəni araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaratmış və faktları sənədləşdirmişdir. Lakin Azərbaycan Sovet hakimiyyəti dövründə bu soyqırım haqqında danışmağa icazə verilmirdi. 31 mart soyqırımı rəsmi olaraq 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Hər il bu gün Azərbaycan və dünya azərbaycanlıları tərəfindən anılır.

Bu gün Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış bir tarixdir. 31 mart soyqırımı Azərbaycan xalqının tarixində böyük bir faciə olmaqla yanaşı, tarixi ədalətin bərpa olunması üçün mübarizənin bir hissəsidir.

Qasımova Rüxsarə,
Xəzər rayonu, 149 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button