AnalitikaGündəmSiyasət

17 Oktyabr – Füzuli şəhəri günü: Zəfərimizin rəmzi, yenidən doğulan şəhər

Azərbaycan tarixində 17 oktyabr xüsusi bir qürur və sevinc günü kimi qeyd olunur. 2020-ci ilin məhz bu günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 27 illik işğala son qoyaraq Füzuli şəhərini azad etdi. Bu tarixi hadisə təkcə bir şəhərin deyil, bütövlükdə Qarabağın azadlıq səhifəsinin başlanğıcı oldu.
Füzuli şəhərinin azad edilməsi Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və dövlətimizin siyasi iradəsinin təntənəsi idi. Bu qələbə təkcə hərbi uğur deyil, həm də ədalətin, milli qürurun və tarixi yaddaşın bərpası idi. Prezident İlham Əliyevin dediyi kimi, “Füzulinin azad olunması strateji baxımdan çox böyük əhəmiyyət daşıyırdı və bu qələbə sonrakı uğurlarımız üçün yol açdı.”
İşğaldan azad olunduqdan sonra Füzuli şəhəri qısa zamanda dirçəlişin, bərpa və quruculuq işlərinin mərkəzinə çevrildi. Dövlətimizin başçısının “Böyük Qayıdış” strategiyasına uyğun olaraq, burada müasir infrastruktur, geniş yollar, məktəblər, xəstəxanalar, hava limanı və yaşayış kompleksləri inşa olunub. 2021-ci ilin oktyabrında açılışı olan Füzuli Beynəlxalq Hava Limanı şəhərin yenidənqurma simvoluna çevrildi və Qarabağa açılan hava qapısı kimi əlamətdar hadisə oldu.
Bu gün Füzuli yalnız bərpa olunan bir şəhər deyil, həm də qələbənin və dirçəlişin mərkəzidir. Burada həyata keçirilən layihələr Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar təşəbbüslərinin və xalqın birliyinin bariz nümunəsidir.
Füzuli torpaqları artıq həyatla doludur – məktəblərin zəngi, körpələrin gülüşü, əkin sahələrinin məhsuldarlığı bu torpağın yenidən nəfəs aldığını göstərir. Şəhərin azad olunması gününün hər il qeyd edilməsi Azərbaycanın müstəqilliyini, torpaq bütövlüyünü və dövlətçilik əzmini simvolizə edir.
17 oktyabr – Füzuli şəhəri günü, həm də hər bir azərbaycanlının yaddaşında qəhrəmanlıq, vətən sevgisi və sarsılmaz birlik rəmzi kimi yaşayır. Bu gün biz azad edilmiş Füzulinin timsalında yenidən doğulan Qarabağın qürurunu yaşayırıq.

YAP Xəzər rayon təşkilatının məsləhətçisi,
Nəzrin Bayramova

Oxşar Xəbərlər

Back to top button